Laçın rayonunun Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti ərazini tərk edib.
Modern.az xəbər verir ki, bu barədə “Kavkazskiy uzel” nəşri yazıb.
Bildirilir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdə cəmi bir neçə ailə qalıb. Ermənilərin bəziləri Xankəndinə, qalanı Ermənistana gedib.
Nəşr yazır ki, qondarma qurumun Laçındakı “nümayəndəsi” ermənilərə yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Bəzi ailələrə əlavə 5 gün vaxt verilib.
Məlumata görə, hər üç yaşayış məntəqəsində artıq elektrik enerjisi və rabitə xətti kəsilib.
Laçında yerləşən mağazalardan birinin sahibi Aida Balikyan qeyd edib ki, şəhərdə işğal illərində məskunlaşıb.
“Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”, – deyə o qeyd edib.