
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin adlı siyahısı rəsmi Bakı tərəfindən Rusiya Müdafiə Nazirliyi və Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığına göndərilsə də, onlar hələ ki bu adlardan istifadə etməyə çalışmırlar.
Azərbaycanın Müdafiə Nazirliyi artıq bir neçə dəfə qarşı tərəfə öz etirazını bildirib.
Sonucu belə etirazlardan biri Rusiya sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatındakı “Maqavuz” adından istifadə ilə bağlı olub.
“Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR”, – Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib.
Modern.az-ın məlumatına görə, Tərtər rayonunun Çardaqlı kəndi vaxtilə keçmiş Ağdərə rayonuna daxil idi. Ağdərənin rayon statusu Azərbaycan Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı qərarı ilə ləğv ediləndən sonra Çardaqlı Tərtərin inzibati tərkibinə verilib.
Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Dağətəyi ərazidə yerləşən Çardaqlı hazırda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarət zonasındadır. Çardaqlıda qanunsuz olaraq ermənilər məskunlaşıblar.
Modern.az Çardaqlıdan fotoları təqdim edir.