“Ermənistanın sülh danışıqlarına maneçilik törətməsi, Azərbaycan ilə sazişin imzalanmasını ləngitməsi hər iki tərəfdən insanların ölməkdə davam etməsinə gətirib çıxarır”.
Bunu “Report”a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş (Patrick Walsh) deyib.
Onun sözlərinə görə, sülh yolu ilə nizamlanmanın nəticəsinin olmaması iki ölkə arasında bu və ya digər formada müharibə vəziyyətinin hələ də davam etməsi deməkdir.
P.Uolş əlavə edib ki, insanlar nahaq yerə ölməkdə davam edir.
“Ermənistan qaçılmaz olan sülh sazişinin imzalanmasından yayınaraq danışıqları mümkün qədər çox uzatmağa çalışır. Bu, müəyyən mənada onların 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində məğlub olduqları reallığı ilə barışmaq və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq istəməməsi ilə bağlıdır”, – o bildirib.
Ekspertin fikrincə, Ermənistanın bu davranışı Rusiya, İran, ABŞ və ya Avropa İttifaqı (Aİ) kimi tərəflərin onlara hansısa yolla vəziyyəti dəyişməyə kömək edəcəyinə ümid etməsi ilə bağlıdır.
“Rəsmi İrəvan ümid edir ki, dünyada daim dəyişən geosiyasi vəziyyət hansısa yolla qaçılmazın qarşısını alacaq müttəfiqin yaranmasına gətirib çıxaracaq. Maneəçilik davranışının səbəblərindən biri olsa da, bu, həqiqətən də boş ümiddir”, – Patrik Uolş fikrini tamamlayıb.