Ermənistanın müstəqil və müxalifyönlü KİV-ləri baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı məsxərəyə qoyan yazılarla çıxış edib.
Modern.az xəbər verir ki, mətbuatın baş nazirin xanımına bu yanaşması onun iki il öncə yaratdığı qadınlardan ibarət “Erato” adlı hərbi dəstənin üzvlərindən üzr istəməsiylə bağlıdır.
Məsələ burasındadır ki, Anna Akopyan bu gün özünün Facebook səhifəsində yazdığı üzrxahlıq məktubunda 44 günlük müharibədən sonra keçən iki ildə “Erato” dəstəsinin qadınlarının mənəvi zərbələr aldığını bildirib.
“Bu qadınlar şərəfsiz sütununa mıxlandılar, daşqalaq edildilər, məsxərəyə qoyuldular, nifrət qazandılar, biabır edildilər, təqiblərə məruz qaldılar, bəziləri işindən, bəziləri təhsildən qovuldu. Mən onlardan üzr istəyirəm ki, onların lağ hədəfinə çevrilməsinə səbəb oldum”,- deyə baş nazirin arvadı qeyd edib.
Yerli jurnalistlər isə Anna Akopyanın məktubundan təəccüblənərək, onu insanları aldatmaqda suçlayıb:
““Erato”nun komandiri mesaj yazarkən unudub ki, onun əri Ermənistan Respublikasının baş naziridir. Hamını asfalta sərən, divara dirəyən, istədiyini həbs edən, başına iş açan və ya işdən çıxaran da odur. İndi qadın məktub yazıb və deyir ki, özünün yaratdığl “Erato” dəstəsinin üzvləri “təqib olunub, bəziləri işdən, bəziləri təhsildən qovulub”.
İndi buna necə inanmaq olar? Hamını işdən qovan, vəzifəyə təyin edən, mükafatlandıran, general titulu verən, qəhrəmanları aşağılayan sənin baş nazir olan ərindir. Yalan, yalan, bu qədər yalan?”, – deyə “Hraparak” qəzetində Anna Akopyanla bağlı məqalədə vurğulanır.