Ermənistan Ordusu bu il qeyri-döyüş şəraitində 13 hərbçisini itirib

“Ermənistan Ordusunda həqiqətən də kriminal hadisələr üçün xarakterik olan qəbuledilməz hallar baş verir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan son vaxtlar Ermənistan Ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artmasını şərh edərkən deyib.

O bildirib ki, 2019-cu ilin iyunundan orduda 8 intihar cəhdinin qarşısı alınıb. Lakin Baş Qərargah rəisi intihar hallarının statistikasını açıqlamayıb.

Qeyd edək ki, son vaxtlar Ermənistan Ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar fevralın 18-də Ermənistan Milli Məclisinin İnsan haqları və ictimai məsələlər komissiyasının qapalı iclası keçirilib.

Məlumatlara görə, bu ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələrdə qeyri-döyüş şəraitində 13 erməni hərbçi ölüb. Ölümlərin əksəriyyətinin intihar olduğu bildirilir.

Artıq Ermənistan Prezidenti və Baş Naziri də orduda ölüm hallarının artmasından narahatlıqlarını ifadə ediblər.

Share: