Ötən gün Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları, eləcə də Vaşinqton görüşü barədə vacib mesajlar verib. Dövlət başçısı açıq şəkildə bildirib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.
“Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”, – İlham Əliyev vurğulayıb.
XİN rəhbərlərinin Vaşinqton görüşünə gəlincə, dövlət başçısı deyib: “Biz onlara (Ermənistana) sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər”.
Bəs Ermənistan tərəfi sülhə hazırdırmı?
Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda səsləndirdiyi fikirlər Azərbaycanın siyasi mövqeyini bir daha ortaya qoydu.
“Bundan əvvəl də dövlət başçısı Ermənistan cəmiyyəti və beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh danışıqları istiqamətində göstərdiyi səyləri çatdırdı. Bizim iradəmiz Ermənistan tərəfinə göndərdiyimiz 5 prinsip əsasında qurulub. Burada əsas məsələ dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Həmçinin sərhədlərin demarkasiya və delimitasiya olunması, Qarabağda olan silahlı dəstələrin çıxarılması və komunikasiya vasitələrinin açılması da önəmli olan məsələlərdən biridir”,- deyə parlamentari bildirib.
N.Məhəmliyev vurğulayıb ki, Ermənistan cəmiyyəti sülhə hazır deyil: “Azərbaycanın irəli sürdüyü 5 prinsip beynəlxalq hüquqa əsaslanır. Biz özümüzdən nəsə əlavə etmirik. Əslində biz sual verməliyik ki, Ermənistan həqiqətən sülhə hazırdırmı? İndiki halda biz sülh danışıqları ilə bağlı iki variantı görürük. Bunlardan birincisi ABŞ və Avropa Birliyinin təklif etdiyi şərtlər, ikincisi isə Rusiyanın təklifidir. Əslində bizi qane edən ABŞ-ın irəli sürdüyü variantlardır. Çünki, burada sülh müqaviləsinin tezləşdirilməsi, ən əsası Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi qoyulur. Ancaq bu gün reallıq ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası müxtəlif qütblər arasında vurnuxur. Ermənistan cəmiyyətində isə kifayət qədər daşnak-milliyətçilər var. Onlar vaxt udmaq, revanş hissi ilə yenidən müharibə etmək məqsədi güdürlər. Bu baxımdan Ermənistan daxilində iqtidara müəyyən təzyiqlər var. Paşinyan və komandası da özündə siyasi iradə tapa bilmir ki, sülh müqaviləsi imzalasın. Yəni məsələ buna görə uzanır. Biz isə Azərbaycan cəmiyyəti olaraq sülhə hazır olduğumuzu sözdə yox, əməldə göstəririk. Ancaq qarşı tərəfdən bunu görmürük. Ermənistan üçüncü və dördüncü qüvvələrə arxalanaraq vaxt udmaq məqsədi daşıyır. Qısası, mən düşürəm ki, Ermənistan cəmiyyəti sülhə hazır deyil”.
Politoloq Tofiq Abbasov isə vurğulayıb ki, Ermənistan cəmiyyətinin istəkləri son parlament seçkilərində özünü əks etdirdi.
“Ermənsitanın məğlub olmasından sonra ilk seçkilərdə insanlar hərb, ya sülh məsləsinə cavab verməliydilər. Əgər onlar keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarksiyana səs versəydilər, deməli, erməni cəmiyyəti məğlubiyyətin acısını yaşaya bilməyərək müharibəyə “hə” deyərdi. Paşinyanın böyük səs fərqi ilə seçilməsi isə onu göstərdi ki, Ermənistan xalqı sülh istəyir. Seçkilərdən sonra Ermənistan baş naziri çox böyük həvəslə Azərbaycanla danışıqlar aparılmasını istədiyini bildirdi”, – deyə politoloq bildirib.
T.Abbasov vurğulayıb ki, seçkilərdən sonra xarici qüvvələr Nikol Paşinyana təzyiq göstərməyə başladı:
“Kənar güclər qoymurlar ki, Ermənistan Azərbaycanla danışıqlar aparsın. Digər tərəfdən Rusiya və bəzi Qərb dövlətləri çalışırlar ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan məsələsindən kənar formada inkişaf etsin. Təbii ki, belə bir şey baş verməyəcək. Nə qədər ki, Rəcəb Tayyib Ərdoğan və onun komandası hakimiyyətdədir, həmin güclərin istəkləri həyata keçməyəcək. Ona görə Paşinyanın bu prosesdə gah nala, gah mıxa vurmasının səbəbi onun özbaşına qərar verə bilməməsidir. Çünki onun elə bir ixtiyarı yoxdur. Bu yaxınlarda Paşinyan hakimiyyəti ilə İkinci Qaregin arasında söz atışmasının şahidi olduq. Onların bir-birini ittiham etməsi erməni mətbuatında geniş yer almışdı.
Ermənistan baş naziri deyir ki, kilsənin fəaliyyət xətti var və o gərək insanların mənəviyyatı, sabitlik məsələsi ilə məşğul olsun. Kilsədən isə deyirlər ki, erməni məsələlərinin hər biri onların da işidir və müdaxilə etmək hüquqları var. Buradan belə çıxır ki, Paşinyana kilsə və diaspor təşkilatları mane olur. Ona görə də Nikol Paşinyan qeydolunan məsələlərdə nə qədər qətiyyətsiz görünsə, məsuliyyəti üzərinə götürüb, sözünü deməyəcəksə, proseslər asılı vəziyyətdə qalacaq. Ancaq Azərbaycanın da səbrinin bir sonu var. Biz artıq Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin fəaliyyətini təmin etmişik. Bununla da göstəririk ki, bizim tək amalımız sülhdür. Ermənistan isə hələ buna getmir. Çünki onun daxilində olan revanşist qüvvələrə dəstək verən Fransa kimi ölkələr sülhə imkan vermir”.