Ermənistanda yeni “Qarabağ” komitəsi – “üçüncü qüvvə” meydana çıxır?..

“Erməni cəmiyyətini konsolidasiyasına gətirəcək “üçüncü qüvvə”nin  “liderlərinə namizəd kimi kifayət qədər maraqlı, hətta müəyyən mənada təəccüb doğuran adlar da tirajlanır…”

 

“Şübhə yoxdur ki, Ermənistanda yeni milli hökumətin formalaşdırılması məqamı və zərurəti çoxdan yetişib və bu məsələdə cəmiyyətin əksəriyyəti arasında konsensus formalaşıb. Bunu həm müxtəlif mərkəzlər tərəfindən dərc edilən sorğular, araşdırmalar, həm də ictimai rəylər sübut edir. Müxtəlif sorğular göstərir ki, əhalinin 60 faizindən çoxu ölkəyə rəhbərlik edən yeni siyasi qüvvə görmək istəyir”.

 

Moderator.az xəbər verir ki,  bunu Ermənistanın “Past” qəzeti yazır. 

 

“Son vaxtlar daxili siyasi sahədə diqqətəlayiq “sualtı” proseslər gedir. Mənbələrimiz bildirir ki, müxtəlif siyasi qüvvələr və xadimlər arasında demək olar ki, hər gün müxtəlif platformalarda indiyədək açıqlanmayan görüşlər keçirilir. Həmin görüşlərin əsas mövzusu “üçüncü qüvvə” yaratmaqla, belə demək mümkünsə, ölkənin son məhvinə aparan hakimiyyətdən yaxa qurtarmaq üçün resursları birləşdirməyin zəruriliyidir.

Həmsöhbətlərimizdən birinin qeyd etdiyi kimi, “nə rusiyapərəst, nə də qərbpərəst” insanları, milli dəyərləri daşıyan qüvvələri bir araya gətirmək istəyinin olması barədə məlumatımız var. Əsasən, “Qarabağ” komitəsinə bənzər bir hərəkatın formalaşmasına cəhd ediləcək”, – erməni nəşri davamında bildirir.

Qəzet həmçinin qeyd edir ki, yeni – erməni cəmiyyətini konsolidasiyasına gətirəcək “üçüncü qüvvə”nin  “liderlərinə namizəd kimi kifayət qədər maraqlı, hətta müəyyən mənada təəccüb doğuran adlar da tirajlanır”.

 

“Hələlik bu adları ictimailəşdirməkdən mümkün qədər çəkinirlər. Lakin əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda “üçüncü qüvvə” sahəsində müvafiq dayaqların yaradılması ilə bağlı artıq bir neçə “kartların açılması”nın anonsları veriləcək,”- deyə erməni qəzeti vurğulayır.

 

S.Laçın

 

Mənbə

Share: