Ermənistanın cəbhədə təxribatına XİN-dən reaksiya

Bu ilin fevralın 24-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qeyd etmək istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.

Məlumatda deyilir: “Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejimın arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir.

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

Allah şəhidimizə rəhmət eləsin”.

Share: