“Ermənistanın hərbi cinayətlərinin ifşası istiqamətində müəyyən addımlar atılıb, amma…”

Vüqar Zifəroğlu: “Hələ gediləsi yolumuz, görüləsi işlərimiz var”

 

Bu gün Ermənistan ordusunun Gəncə şəhərini – mülki vətəndaşları ballistik raket zərbələrinə məruz qoymasının, Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətə imza atmasının ikinci ildönümüdür.

 

Maraqlıdır, Vətən müharibəsindən ötən iki il ərzində jurnalistlərimiz erməni cinayətlərini beynəlxalq aləmdə yetərincə ifşa edə bilibmi?

 

Moderator.az-a açıqlama verən  Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı Vüqar Zifəroğlu görülən və görülməsi gərəkən işlərə toxunub:

 

“Reallıq bundan ibarətdir ki, beynəlxalq media ilə əlaqələrimiz çərçivəsində ermənilərin törətdiyi cinayətlərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlanması istqiamətində bəlli bir fəaliyyət ortaya qoyuldu. Dünyanın  bir çox ölkələrində, beynəlxalq media qurumlarında bununla bağlı xəbərlər, məqalələr, müxtəlif məzmunlu materiallar dərc edildi və bu gün də dərc edilməkdədir.

 

Azərbaycanda çoxdilli media qurumları fəaliyyət göstərir. Elə informasiya portallarımız var ki, onlar rus, ingilis, fransız, ərəb, fars və s. dillərdə informasiyalar təqdim edirlər. Məhz bu dillərdə də bizim media quruluşlarımız beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmaq üçün ciddi bir səy ortaya qoydular. Bu işi qeyrətlə, vicdanla yerinə yetirdilər. Amma təbii ki, bu proses davamlı şəkildə olmalıdır.

 

Baxın, bugünlərdə Laçın ətrafındakı kəndlərimizdə ermənilər tərəfindən quraşdırılan tələ-minalar aşkar edildi. Ermənilərin bu kimi terror əməlləri mütəmadi şəkildə, sistemli olaraq dünya ictimaiyyətinə çatdırılmalıdır.

 

Daha bir nümunəni diqqətə çatdırım. Bugünlərdə 44 günlük Vətən müharibəsində ermənilərin şəhidlərimizi təhqir edən video görüntüləri meydana çıxdı. Bu vəhşiliklərin dünya ictimaiyyyətinə çatdırılması olduqca önəmlidir. Bu məsələdə peşəkar mediamızın üzərinə böyük iş düşür”.

 

Seymur ƏLİYEV

Mənbə

Share: