“Ermənistanın müstəqilliyini tanıyandan sonra Türkiyə heç vaxt bizi təhdid etməyib…”

“Ermənistanın müstəqilliyini tanıyandan sonra Türkiyə heç vaxt bizi təhdid etməyib…”

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Qurgen Arsenyan hesab edir ki, Rusiya ordusunun ölkədəki mövcudluğu əbədi deyil və onun fikrincə, Rusiya ordusu olmadan Ermənistan Türkiyə üçün təhlükə yaratmayacaq və sadəcə qonşuya çevriləcək.

 

“Rusiyanın Ermənistandakı hərbi mövcudluğu dövlətçiliyin ilk illərindəki sivilizasiya baxışlarının nəticəsidir… Rusiyanın hərbi mövcudluğu Ermənistanda əbədi deyil. Ermənistan mümkün gələcək inkişafı təmin etmək üçün qonşuları ilə münasibətləri normallaşdırmağa doğru irəliləyir, mehriban qonşuluq münasibətləri üçün platforma yaradır. Bu, bizim siyasi komandamızın proqramıdır”.

 

Moderator.az xəbər verir ki, bunu  Arsenyan “news.am” onlayn resursuna müsahibəsində bildirib.

 

Onun fikrincə, nəticədə təhlükəsizliyin təminatı kimi Rusiyanın hərbi mövcudluğu nə vaxtsa “əhəmiyyətsizləşəcək”.

 

“Bəlkə də qalacaqlar, amma əhəmiyyətsiz olacaq. O (hərbi mövcudluq – red.) təhdidlərə qarşı bir nömrəli maneə olmayacaq. Bu zaman məsələsidir və bu zaman erməni siyasi fikrinin inkişafı ilə paralel yaxınlaşır”, – deyə deputat bildirib.

 

O, əlavə edib ki, 90-cı illərdə Ermənistanın siyasi rəhbərliyi Rusiyanın hərbi mövcudluğunu bu ölkə üçün “həyat xətti” hesab edərək, Türkiyədən gələn ekzistensial təhlükəyə işarə edib.

 

“Türkiyəyə işarə etdilər… Ermənistanda olmaqla, Türkiyə sərhədində Rusiya hərbi mövcudluğunun super məqsədi Ermənistanı qorumaq funksiyası deyil, ilk növbədə Türkiyəyə qarşı yönəlmiş təhdiddir… Türkiyə heç vaxt təhdid etməyib. Ermənistanın müstəqilliyini tanıyandan sonra bizdə belə bir fakt yoxdur ki, Türkiyə nə vaxtsa bizi təhdid etsin, belə bir şey olmayıb”, – deyə deputat qeyd edib.

 

Ermənistanda rus ordusu olmasaydı, nə baş verərdi sualına cavab verən Arsenyan bildirib ki, bu halda Türkiyə Ermənistan üçün adi qonşuya çevriləcək.

 

“Onlar burada olmasalar, Ermənistan Türkiyə də daxil olmaqla heç bir təhlükə yaratmayan ölkəyə çevriləcək. Çünki Ermənistan potensialı ilə Türkiyəni necə təhdid edə bilər? Biz bu ölkə, eləcə də Gürcüstan və ya İran üçün heç bir təhlükə yaratmayan qonşuya çevriləcəyik və bu halda Rusiya paradiqmasının təzahürlərinə son qoyulacaq”, – Arsenyan bildirib.

 

Ermənistanın Şirak rayonunun Gümrü şəhərində 1995-ci il dövlətlərarası müqaviləyə əsasən, Rusiya hərbi bazası yerləşdirilib. 2010-cu ildə sənədə düzəliş edildi, ona görə onun qalma müddəti ilk 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadıldı.

Mənbə

Share: