
Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan tərəfi bu cür addımlar atmaqla bölgədə vəziyyəti gərginləşdirir:
“Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda bildirilir.
Ermənistanın son təxribatları ilə bölgədə vəziyyəti daha da gərginləşdirərsə, yeni toqquşma ola bilərmi?
Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyjmakov Modern.az-a bildirib ki, Ermənistanın təxribatlarının qarşısı alınmazsa, bölgə də daha böyük təhlükəsizlik problemləri ola bilər:
“Ermənistan tərəfinin son vaxtlar ciddi təxribatlarına şahid oluruq. Bu kimi addımlar bölgə üçün ciddi təhlükədir. Eyni zamanda Ermənistan bölgəyə yeni oyunçular gətirmək niyyətindədir. Bu təxribatları bir növ bununla da əlaqələndirmək olar. Qərb qüvvələrin, xüsusilə də Fransa kimi ölkələrin bölgəyə girmə cəhdləri tərəflər arasında fikir ayrılığına gətirib çıxaracaq. Bu da yeni toqquşmalara səbəb ola bilər. Azərbaycan bu yöndə mövqeyini qəti şəkildə dünya ictimaiyyətinə bildirməli, Ermənistana qarşı təzyiqlər edilməsini tələb etməlidir. Beynəlxalq ictimaiyyət artıq Ermənistanın iddialarına qarşı tükənmiş səviyyədədir. Ona görə də Azərbaycan bu mövqedən istifadə etməlidir.
O bildirib ki, Ermənistanın təyziqləri beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmazsa, bölgədə ciddi təhlükəsizlik problemi yenidən baş qaldıracaq.
“Rusiya isə bölgədə təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Bunun üçün yenə də tərəflərlə danışıqlar apara bilər. Bu təxribatların isə uzun zaman çəkəcəyini düşünmürəm. Ermənistanın sadəcə istədiyi sülh danışıqlarını pozmaq, regiona yeni qüvvələr daxil etməkdir. Tərəflər arasında ilkin olaraq ilin sonuna planlaşdırılan sülh müqaviləsi də bu təxribatlarla ləğv oluna bilər. Amma tez bir zamanda Rusiyanın vasitəçiliyi ilə danışıqlara yenidən bərpa olunmalıdır”, – rusiyalı ekspert vurğulayıb.