“Ermənistanla sərhəddəki son silahlı qarşıdurmanın da arxasında Kremlin durduğunu düşünürəm…”

“Ermənistanla sərhəddəki son silahlı qarşıdurmanın da arxasında Kremlin durduğunu düşünürəm…”

“Kreml həm Azərbaycan, həm Ermənistan ərazilərindəki hərbi qüvvələrini çıxarmamaq üçün yeni genişmiqyaslı silahlı münaqişə yaratmağa çalışır…”

 

“Bütün hallarda Rusiya istəsə də belə, 10-15 min erməninin Qarabağa qayıdacağına şübhə edirəm…”

 

“Rusiya xarici işlər nazirinin müavini Qaluzin son vaxtlar qəribə açıqlama və bəyanatlar verir, Cənubi Qafqazda Rusiya olduğu halda digər iri dövlətlərin artıq olduğunu mədəni, diplomatik dillə çatdırır. O cümlədən bu günlərdə Rusiyanın Azərbaycandakı səfiri öz ölkəsinin mediasına müsahibəsində diqqətçəkən fikirlər irəli sürməyə başlayıb. Dünən axşamdan da Ermənistanla sərhəddə atəşkəsin pozulması, hər iki tərəfdən itki və yaralıların olması haqda məlumatlar yayıldı. Yəni Azərbaycandakı növbədənkənar Prezident seçkilərindən sonra çox qəribə proseslər gedir. Avropa İttifaqının prezidenti Şarl Mişel Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edərək onunla Brüsseldə görüşməyə qərarlaşıb. Görünür, Qərbdə Ermənistanla sülh danışıqlarının Brüssel platformasının bərpa olunması haqda qərar verilib”. 

 

Bu fikirləri Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Kremlin ermənilərin Qarabağa qaytarılmalarına şərait yaratmağa hazır olduqlarına dair Rusiya XİN rəsmisinin son bəyanatını və Azərbaycan-Ermənistan sərhədindəki son silahlı qarşıdurmanı şərh edərkən münasibət bildirərkən ifadə edib. 

 

“Belə bir vəziyyətdə Rusiya XİN rəsmisinin ermənilərin Qarabağa qayıdışı üçün Moskvanın qarant dura bilməsi haqda bəyanatı qəribə səslənir. Əvvəla, müşahidə və təhlillər göstərir ki, indiki durumda ermənilər Qarabağa qayıtmaq istəmir. Bu, birmənalıdır. Əgər onların qayıdışı prosesi olacaqsa, bunu da Rusiya təşkil etməyə çalışacaq. Moskva da bunu ona görə edir ki, özünün Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki “sülhməramlı”larının 2025-ci ilədək və bəlkə də daha çox qalmasına bəhanə-təminat yaratsın. Eyni məqsədlə Rusiya geopolitik oyunlar oynayır. Özü də maraqlıdır ki, bu proseslər Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu əlindən aldıqdan sonra baş verir. Ancaq bütün hallarda Rusiya istəsə də belə, 10-15 min erməninin Qarabağa qayıdacağına şübhə edirəm. Bunu mərkəzi erməni hakimiyyəti də istəmir. Düzdü, Paşinyan yenə Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürür. Bütün bunlarla belə, nəzərə almaq lazımdır ki, Rusiya da dediyim kimi, həm Azərbaycan, həm Ermənistan ərazilərindəki hərbi qüvvələrini çıxarmamaq üçün yeni genişmiqyaslı silahlı münaqişə yaratmağa çalışır. Bu mənada elə Ermənistanla sərhəddəki  dünənki silahlı qarşıdurmanın da arxasında da Kremlin dayandığını düşünürəm”, -deyə davamında analitik vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: