“Yığmamız komanda yarışında da fərqləndi, gözəl çıxış edərək 3-cü oldu”.
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov “Report”-a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis komandadan medal gözlədiyini bildirib: “Çünki dünya və Avropada ən güclü kollektivlərdən biriyik. Fərdi yarışlarda uğur qazanan cüdoçular burada da öz güclərini göstərdilər. Sevindirici haldır ki, 3-cü yeri tutduq. Avropanın ən güclü 3 yığmasından biriyik. Bu münasibətlə bütün idmansevərləri təbrik edirəm”.
O, mükafatlandırılma mərasimində iştirak etməməsinin səbəbini d açıqlayıb: “Fəxri kürsüyə köməkçimi göndərdim. Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub. Səsim batdığı üçün köməkçimə dedim ki, mükafatlandırılmaya sən çıx”.
Məmmədov qələbəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyindən təbrik aldıqlarını söyləyib: “Federasiya prezidenti Rəşad Nəbiyev, baş katib, vitse-prezidentlər yığmanın hər bir üzvünü təbrik edib. Elnur Məmmədli hər görüşdə bizimlə birlikdə idi. Komandamıza motivasiya verirdi. Hamı bir komanda kimi burada idi və cüdoçulara azarkeşlik edirdi”.