Fəzail Ibrahimli:”Ruhlar, düşüncələr  qarşısında sərhədlər  ola bilməz”

“Azərbaycan Türkiyə arasındakı münasibətləri aşağıdakı kimi səciyyələmndirmək olar. Bu gün yer üzündə ikinci bir dövlət yoxdur ki, ikitərəfli əlaqələrində bir-birinə bu qədər yaxın olsun və əməkdaşlıq belə səmimiyyət, qardaşlıq münasibətləri üzərində qurulsun. Dünyada ölkələrə arasında siyasi və digər maraqlara əsaslanan yaxınlıq münasibəti olan ölkələr var, amma onların heç birini Azərbaycanla Türkiyə arasındakı münasibət kimi dəyərləndirmək qeyri mümkündür və bunun müqayisəsi belə yersizdir”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisın Sədr müavini Fəzail İbrahimli deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistanla Rusiya arasında sıx münasibətlər olsa da, bu müəyyən maraqlar  və mənafelər üzərində qurulan əlaqələrdir:

“Bu əlaqələri heç zaman Rusiyanın Ermənistana olan sevgisi və ya səmimiyyəti kimi dəyərləndirilməsindən belə söhbət gedə bilməz. Burada ancaq rus mənafeyindən söhbət gedə bilər. Amma Azərbayanla Türkiyə arasındakı münasibətlərdə milli ruhun birləşməsi var. Bunu artıq tarix sübut edib. Götürək elə ermənilərin sonuncu Tovuz təxribatı zamanı elə ilk səsini qaldıran məhz Türkiyə oldu. Türkiyə bununla daha çox Ermənistanın arxasında olan qüvvələrə mesajlar ünvanladı ki, özünüzü yığışdırın. Bir az da əvvələ gedək. 10-15 il bundan öncə İran təyyarələri cənub bölgəsində Azərbaycanın hava məkanını pozanda Türkiyə hərbi təyyarələri Bakı səmalarında uçuş edərək mesaj verdi ki, yetər!  Ümumiyyətlə Türkiyə Azərbaycanın qardaşlıq  münasibətləri tarixin bütün mərhələlərində özünü sübut edib”- F.İbrahimli qeyd edib.

Milli Məclis Sədrinin müavini əlavə edib ki, iki ölkə arasında əlaqələrin bünövrəsi hələ 1918-ci ildə, Azərbaycan Cümhuriyyəti yaranarkən qoyulub. “Əgər o zaman Qafqaz İslam Türk  Ordusu olmasaydı nə Azərbaycan müstəqilliyini elan edə biləcəkdi, nə  AXC Bakının ölkənin paytaxtı elan edə biləcəkdi, nə də Bakı bu günkü kimi Azərbaycanın tərkibində qalacaqdı. Çünki o dövrdə Bakı erməni daşnaklar və bolşeviklərin əlində idi.  1918-ci ilin sentyabrın  15-də Qafqaz İslam Türk  Ordusu Bakıya girərək, şəhəri erməni daşnak və bolşeviklərdən təmizləməsindən sonra  akı Azərbaycanın paytaxtı elan edildi və  bundan sonra milli hökumət Bakıya  köçdü. Əgər Qafqaz İslam Ordusu Azərbaycanı erməni daşnak və bolşeviklərdən  təmizləməsəydi Azərbaycan müstəqilliyini qoruya bilməyəcəkdi və  Bakı da  Dərbəndin taleyini yaşayacaqdı. Azərbaycan bir hissəsi Ermənistana, bir hissəsi Bakı daxil olmaqla Rusiyaya, Cənub hissəsi İrana birləşdiriləckdi. Bir tərəfdən də Gürcüstanın da Azərbaycan qəbr bölgəsindəki ərazilərində gözü var idi.
İlk dəfə hərbi əməkdaşlıq müqaviləsinin əsası o zaman qoyuldu. Belə bir sənəd 1918-ci ilin iyulun 4-də  imzalandı. Amma AXC-nin süqutundan sonra Azərbaycan 70 il  kommunist rejimində, sərhədlərin ayrı olmasına baxmayaraq ruhlar qovuşmuşdu. Düşüncəmiz ayrı deyildi. Haşiyə çıxaraq ikitərəfli münasibətlərə aydınlıq gətirmək üçün konkret bir misal çəkim. Zeynəb Xanlarova SSRİ dövründə Türkiyədə  konsert verdi. O konsert parlçalanmış ruhları birləşdirdi. Ona görə də deyirəm ki,  ruhlar, düşüncələr  qarşısında sərhədlər  ola bilməz.  Sərhədlər yalnız  torpaqlar üzərində mövcuddur.

Digər bir məqam Azərbyacan yenidən müstəqilliyni bərpa etdikdən sonra ilk dadımıza yetişən, müsətqilliyimizi tanıyıb, möhkəmlənməsində Türkiyənin müstəsna rolu  oldu.

Son olaraq məlum  Tovuz hadisələrindən sonra da  Azərbaycanın yanında olan Türkiyə oldu. Bunu bütün dünya şahidi oldu. Dünyaya mesaj verildi ki, iki qardaş ölkənin münasibətləri sarsılmazdır və dar gündə bir-birinə sonadək dəstək olacaq. Ondan sonra iki qardaş ölkənin hərbi təlimləri keçirilməyə başldı. Bunu birmənalı şəkildə dünya görür.  İkitərəfli qardaşlıq, müttəfiqlik və dostluq münasibətləri bunun bariz nümunəsidir.

Çünki bu gün Qafqazda maraqlarını təmin etmək istəyən, enerji ehtiyatlarında gözü olan böyük dövlətlər və güclər  ermənilərdən istifadə edib, Azərbaycanı çökdürmək istəyirlər, hər  vasitə ilə inkişafına, güclənməsinə mane olmağa çalışırlar. Müxtəlif təzyiq metodlarından istifadə edirlər. Lakin zaman o zaman deyil. Nəyisə zorla qəbul elətdirəsən. Azərbaycan müstəqil siyasət yürüdür və söz sahibidir. Ona hücum edənlərin hər birinin cavabını verməyə qadirdidir. Dövlət başçısının bir müddət öncə Ermənistana əgər bacarırsınızsa, gəlin  təkbə-tək vuruşaq mesajı təsadüfü deyildi və  dövlət başçısı bununla çox mətləbləri anlatdı. Yəni filankəsin arxasında gizlənib, özünü dövlət kimi aparma. Sənin başın filankəsin qoltuğunda, ayaqların isə filankəsin əlindədir”.
Azərbaycan Prezidentinin Rusiya Prezidenti Putinlə son telefon danışığına toxunan F. İbrahimli bildirib ki,  Azərbaycan tərəfinin rəsmi formada Rusiyanın  Ermənistana silah ötürməsi məsələsini gündəmə gətirməsi təsadüfi deyildi: “Bu da  bir mesaj idi ki, hər şeyi görürük və bilirik. Bu bir mesaj idi ki, dildə bir söz deyib, əməldə başqa  iş görmə”.
Bununla belə F. İbrahimli onu da qeyd edib ki, bu gün dünyanın bir çox güclərinin Ermənistana verdiyi dəstək nəticəsində özünü qudurğan ölkə kimi aparır: “İşğalçılıq siyasətini yürüdən, digər ölkə ərazilərini işğal edən Ermənistan olsa da,  nə beynəlxalq təşkilatlar, nə də dövlətlər Ermənistanı işğlaçı dövlət kimi tanımır, ona qarşı sanksiya tətbiq etmir. Beynəlxalq  təşkilatların, başda BMT TŞ olmaqla  Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədlər 30 ilə yaxındır ki, havadan asılı vəziyyətdə qalıb, icra olunmur.Ona görə də  cəzasızlıq mühitində yaşayan Ermənistan  işğalçılıq hərəkətini davam etdirir. Amma bir deyim var, deyərlər ki, haqq nazilər, amma üzülməz.  Sirkə tünd olanda qabını yandırar. Ermənistanın bütün bu qudurğan hərəkətlərinə baxmayaraq  rəzil bir duruma düşüb. Başını biri qoltuğuna qoyub sıxır, ayağından, və başqa əzalarından da başqa güclər tutub dartır. Qalıb cərcənəg.  Bilmir neynəsin. Belə bir vəziyyətdə Azərbaycan öz işini görür. Dövlət həm iqtisadi, həm də hərbi cəhətdən güclənir. Sadəcə müəyyən qüvvələr var ki,  hakimiyyət ehtirasları ilə alışıb yandığından, ara qarışdırmağa  çalışırlar.  O  qüvvələr artıq başa  düşməlidir ki,  Azərbyacan onların düşündüyü Azərbaycan deyil. Azərbaycan hakimiyyəti və dövləti güclüdür.  Ölkədə siyasi sabitlik hökm sürür”.
Azərbaycanla Türkiyə arasında bundan sonrakı hərbi-siyasi əməkdaşlığın perspektivlərinə gəldikdə Milli Məclisin Sədr müavini bildirib ki,  iki qardaş ölkə arasındakı münasibətlərin qurulmasını hər hansı sənədin imzlanmasına  bağlamaq düz olmaz: “Sənəd imzalana bilər, ancaq onu həyata keçirmək olmaz. Məgər belə sənədlər azdır. BMT TŞ Qarabağla bağlı 4 sənəd imzalayıb, icra olunmur. Əsas o deyil hansısa sənəd imzalanacaq, əsas məsələ münasibətlərin səmimiliyi, dövlətlərin bir-birinə qarşılıqlı etimad və inamıdır.
Hansısa müqavilənin imzalanmasından asılı olmayaraq biz yaxşı bilirik ki, Azərbaycanda baş verəcək istənilən prosesdə Türkiyə kənarda qalmayacaq.  Azərbaycan və Türkiyə beynəlxalq hüquq normalarına uyğun hansı addımları məqbul hesab ediləcəksə, o addımları da atacaqlar”.

Share: