Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milletinsesi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 2 dekabr saat 13:00-a olan məlumatına əsasən, ölkə ərazisində səhər saatlarından başlayaraq hava dəyişib, qeyri-sabit keçib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə (Şahdağ, Qırız) qar yağıb. Şimal qərb küləyi arabir Naftalanda 38 m/s, Bakıda 34 m/s, Daşkəsən, Pirallahı, Mingəçevirdə 26 m/s, Maştağa, Tərtərdə 25 m/s, Xınalıqda 24 m/s, Nabranda 20 m/s, Bərdədə 18 m/s, Xaçmazda 16 m/s, Şəmkirdə 15 m/s- dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrə çatıb.
Sarıbaş (Qax), Xınalıq, Gədəbəy, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Quba, Qusarda yağış yağıb.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti dekabrın 3-ü səhərədək davam edəcək. Dekabrın 3-ü gündüz hava əsasən yağmursuz keçəcək, mülayim cənub küləyi əsəcək.