Qürbətçiliyin və ya xaricdə yaşayıb-yaratmağın, inkişaf etməyin də özünə görə xüsusi çətinlikləri var. Yaşayanlar bilər…
Mart ayının 28-i idi, Almaniya-Belçika futbol oyununu izləməyə yollanmışdım, stadionun girişində idim. Orada Bakıdan aldığım “Fazil Mustafa güllələndi” xəbəri məni yerimdəcə dondurdu…
Bir neçə saat əvvəl telefonla danışdığım, dost məfhumunun ağırlığına və onun fəlsəfəsinə həmişə sadiq olan bir qorxmaz dostla bağlı xəbər məni yaman sarsıtmışdı…
Dostlardan “Həyatına təhlükə yoxdur” – məlumatını alana qədər düşündüklərimi qürbətdə olan, qürbəti dərk edən heç kimə arzulamıram.
Mütəmadi onunla sağlamlığı ilə bağlı danışarkən Fazil Mustafanın nə qədər cəsur ürəkli olduğunun bir daha şahidi olurdum və bunu sizlərin də bilməsini istəyirəm.
Hər gün onunla danışarkən “əsas odur ki, büdrəmədik və qaldığımız yerdən davam edəcəyik” deməsi yenilməz əzmin, Vətənə, Dövlətə, Millətə əvəzsiz sevginin bariz nümunəsidir…
O gün futbolda Almaniya uduzsa da, bu gün Fazil bəy uddu. Əslində biz hamımız udduq. Çünki onu – beyinlərə vurulacaq güllələrin qarşısını almaq üçün çalışan birisini – itirmədik, bu gün o ayaqdadır, büdrəmədi. O, dövlətçiliyimiz və təfəkkürlü cəmiyyətimizin yetişməsi uğrunda gedən mübarizənin ön cərgəsində məhz özünün daşıya biləcəyi bayrağı daşıyır və bundan sonra da daşıyacaq.
Onun qədrini bilməyimiz cəmiyyət olaraq bizim borcumuzdur.
Həyat yolunu daha bir əziz və dəyərli dostumla davam etdirməyə çox sevincliyəm!
O, Azərbaycanı sevdiyi qədər biz də onu sevirik!