Fermerlər üçün yeni xəbər var

Fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən Milletinsesi.az-a bildirilib ki, fermerlərin kartdakı qalıq vəsaitdən gələn il istifadə edə bilməsi üçün “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış “Fermer kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən AKİA fermerlərə müraciət edərək adlarına açılmış “Fermer kartı”nı bankdan götürərək aktivləşdirməyə çağırır.

Qeyd edək ki, 2020-ci ilin yanvarından etibarən fermerlər subsidiya üçün müraciəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən onlayn qaydada edir və subsidiyalar onların “Fermer kartı”na köçürülür. Yeni qaydaya görə, fermerlərə ödənilən əkin subsidiyasının yalnız 25 faizi nağdlaşdırıla bilir, qalan 75 faizindən isə fermer təchizatçılara verilmiş POS-terminallar vasitəsilə ödəniş edərək, əkin üçün lazım olan toxum, ting, gübrə və pestisidlər alırlar.

Share: