Feysbuk 600-dən çox saxta hesabı sildi

Feysbuk ABŞ prezidenti Donald Trampın təbliğatı üçün yaradılmış 600-dən çox saxta hesabı silib.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, həmin hesablar şirkətin ayrı-ayrı platformalarında tətbiq etdiyi qaydalara uyğun gəlməyib. Həmin səhifələr şərtləri pozaraq ABŞ prezidentinin lehinə təbliğat mesajları yaymaqla məşğul olurdu.

Feysbuk Vyetnam və ABŞ-da yaradılan saxta səhifələrin bir hissəsini Amerikanın media şirkəti olan “The BL” tərəfindən idarə olunduğunu düşünür. İddia olunur ki, bu şirkət “Epoch Media Group” holdinqi ilə əlaqəlidir.

Bu barədə Feysbukun kibertəhlükəsizlik şöbəsinin müdiri Nathaniel Gleicher bəyanat yayıb.

Feysbukdan bildirilib ki, “The BL” şirkətinin idarə etdiyi saxta profillər üçün insan fotolarını süni intellekt yaradıb.

N.Gleicher “The Financial Times”a açıqlamasında deyib ki, süni intellektin yaratdığı fotoşəkillərdən sistemli istifadə halı ilə ilk dəfədir rastlaşırlar.

“NBC News” telekanalının məlumatına görə, süni intellekt texnologiyası “The Epoch Times” qəzeti sosial şəbəkədə özünü amerikalı kimi təqdim edən Vyetnam istifadəçilərinin yazdıqları siyasi fikirlərin təbliğinə dəstək verirdi.

Feysbuk hesabların silindiyini elan etdikdən sonra “The Epoch Times”ın amerikalı naşiri Stephen Gregory media qrupunun “The BL”in saxta səhifələrlə əlaqəsi olmadığını bildirib. O, yeganə bağlılıq kimi, “The BL” şirkətinin “The Epoch Times”ın keçmiş üzvləri tərəfindən qurulduğunu izah edib.

Qeyd edək ki, “Ferra.ru” saytının yazdığı məlumta görə, yalnız Feysbukda deyil, eyni zamanda İnstaqram və Twitter platformasında da “deepfake” profilləri silinib.

Share: