Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Nizami rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Strateji əhəmiyyətli obyektlərin ərazisində baş verə bilən yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin işçi heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı Neft Emalı Zavodunda baş vermiş şərti yanğınla əlaqədar hadisə yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən çevik olaraq yanğın yerinin kəşfiyyatı aparılıb, əməliyyat şəraitinə uyğun olaraq “yanğınla” mübarizə tədbirlərinə başlanılıb, obyektin şərti xəsarət almış əməkdaşları “təhlükəli ərazidən” təxliyə edilib və “yanğın” qısa müddətdə “söndürülüb”.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 11, 13, 18 və 19 nömrəli Yanğından Mühafizə bölmələrinin və Bakı şəhərinin Nizami Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.
“Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib”, – məlumatda qeyd olunub.