Fici polisi yüz milyon dollarlıq metamfetamin müsadirə edib

Fici polisi yüz milyon dollarlıq metamfetamin müsadirə edib

Fici polisi arxipelaqın əsas adası olan Viti-Levunun qərb sahilindəki boş evdə gizlədilən üç tondan çox metamfetamini aşkarlayaraq müsadirə edib.

Bu barədə “Radio New Zealand” ölkənin polis idarəsinə istinadən məlumat yayıb.

İdarə qeyd edib ki, Nandi şəhərində (Viti-Levu adasının qərb sahilində, Ficinin paytaxtı Suvadan 150 km qərbdə yerləşir) qəhvəyi lentə bükülmüş 797 ədəd narkotik maddənin olduğu konteyner aşkar edilib. Onlar müsadirə edilərək polis bölməsinə aparılıb, burada yükün çəkisi yoxlanıldıqdan sonra onun “ölkədə indiyə qədər aşkarlanan ən böyüklərdən biri” olduğu vurğulanıb.

Yerli polis tapılan narkotiklərin dəyərini müəyyən edə bilməyib, lakin idarə bunun “yüz milyonlarla ABŞ dolları” olduğunu aydınlaşdırıb. Həmçinin bildirilir ki, Ficinin hüquq-mühafizə orqanları aşkar edilmiş metamfetaminin kimə məxsus olduğunu, onun istehsalına və ya ölkəyə idxalına kimin cavabdeh olduğunu müəyyən edə bilməsələr də, bu şəxslərin tapılması üçün istintaq davam etdiriləcək.

Mənbə

Share: