“Frans-24” Füzulidən reportaj hazırladı

“Frans-24” kanalı Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonundan reрortaj hazırlayıb.

Milletinsesi.az xəbər verir ki, kanalın Füzuliyə ezam olunmuş müxbiri ətrafda boş, kədərli, müharibə dağıntıları ilə dolu mənzərənin göründüyünü deyir. O bildirir ki, ətrafda minalar, tərk edilmiş kazarma, yol boyunca erməni tankları var. Hər tərəfdə döyüş izləri, döyüş texnikası görünür. Onlardan bəziləri təzə, bəziləri isə əvvəlki döyüşlərdən qalanlardır.

Bildirilir ki, erməni silahlı qüvvələri Füzuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb.

Reрortajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.

Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.

Rayonun digər sakini Ramilə Məmmədova deyir ki, bura mənim atamın evi olub:

“İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.

Reрortajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazımdır.

Reрortajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan verdi, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.

 

Share: