Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Humanitar yardımı daşıyan iki avtomobil dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı AzQAC əməkdaşları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.
Digər yandan Fransa rəsmilərinin Azərbaycana qarşı təxribatları artıb. Ölkənin prezidenti və xarici işlər naziri Azərbaycana qarşı gülünc və saxta ittihamlarla dolu bəyanatlar səsləndirib.
Yerli mətbuatın məlumatına görə, rəmi Paris Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır. Bundan başqa Paris meri Anna Hidalqonun rəhbərliyi altında bir qrup Fransa rəsmisi Qarabağa guya “humanitar yük” aparmaq üçün 10-a yaxın yük maşını kirayələyib və Azərbaycan-Ermənistan sərhədinə göndərib.
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməməklə böyük səhv edirlər:
“Bütün dünyaya çağırış edirlər ki, onların vəziyyəti acınacaqlıdır, “acdırlar”. Onlar yardımı qəbul etmədikdə, bu fikirlərinin yalan olduğu faktını bir daha sübut edəcəyik. Azərbaycan hökuməti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə kömək etməyə hazırdır. Azərbaycan vətəndaşları kimi, onlara da hökumət kömək edir. Hüquqi baxımdan bu, mənalı və düzgün addımdır”.
Sabiq nazir Fransanın Ermənistana humanitar yardım adı altında 10 TIR göndərməsinə də münasibət bildirib:
“Fransanın belə addım atacağı bəlli idi. Parisin meri tam şəkildə ermənipərəstdir. Bu, Fransandakı erməni icmasının hərəkətidir. Fransanın erməni icması tərəfdarların təzyiq göstərirlər ki, onlara yardım göstərsinlər. Bunun əsasında qərar verildi ki, Qarabağda yaşayan ermənilərə Azərbaycan hökumətinin icazəsi olmadan hansısa humanitar yardım göndərsinlər. Bu da Fransanın daxili siyasətinə uyğundur. Fransanın erməni icması bunu edib”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycandan icazəsi olmadan nəsə etmək mümkün deyil:
“Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycan torpağıdır. Gec-tez Qarabağın dağlıq hissəsi də Azərbaycanın suverenliyi altına keçəcək. Onlar deməklə deyil. Sərhədçilərimiz və gömrükçülərimiz Laçındadır. İranla, Rusiya ilə, Gürcüstanla sərhəddə necə işləyirlərsə, Laçındakı sərhəd-buraxılış məntəqəsi də eyni fəaliyyət göstərir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın humanitar yardım göndərməsinin çox vacib və uğurlu addımı olduğunu diqqətə çatdırıb:
“Ermənilər yardımı qəbul etsələr, Ağdam yolunun işlək vəziyyətdə olduğunu etiraf edəcəklər. Bu, təkcə xarici müşahdəçilərin yox, həm də orada yaşayan ermənilərin də reallığa gözünü açan hadisə olacaq. Yardımı qəbul etməsələr, deməli, əslində “blokadanı” yaradan elə Ermənistanın işğalçı administirasiyasının qalıqlarıdır. Bunlar maaşı Ermənistanın büdcəsindən alırlar. Administirasiya özünə silahlı dəstələr saxlayır. Konstitusiyaya zidd olan müxtəlif qurumları fəaliyyətinə davam edir. Bu da Ermənistanın bizə qarşı anneksiya siyasətinin davamıdır”.
T.Zülfüqarov söyləyib ki, Qarabağın dağlıq hissəsində hazırda bölünmə gedir:
“Xuntanın çağırışları önə yönəlib ki, heç də aclıqdan əziyyət çəkməyən erməniləri çağırırlar ki, onlar və ailə üzvləri acından ölsün. Beləliklə də, sübut etməyə çalışırlar ki, Azərbaycan pisdir. Təbii ki, bu siyasi xətt davamlı ola bilməz. Bunun sonu bəllidir ki, tez gələcək. Bu bölünmənin nəticəsi olaraq, bir dəstə erməni bu xuntaya qarşı qalxacaq. Bu zaman Azərbaycanın həmin dəstəyə yardım edəcəyini istisna etmirəm”.
Keşmiş XİN rəhbəri Fransanın Ermənistana humanitar yardım adı altında TIR-lar göndərməsinə belə münasibət bildirib:
“Fransanın bu yaxın illər ərzində müxtəlif qurumları müəyyən addımlar atıb. Bu addımların mənası ondan ibarət olmuşdu ki, Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanımaq niyyətində deyil. İndi bu TIR-ların göndərilməsi həmin siyasətin davamıdır. Bu siyasətin ermənilər üçün müsbət olacağını düşünmürəm. Hesab edirəm ki, belə bir şey ola bilməz. Çünki bəllidir ki, artıq Ermənistanın bəzi dairələri başa düşürlər ki, vaxtilə “Miatsum” layihəsi, yəni Qarabağı Ermənistana birləşdirmək ideyası iflasa uğrayıb. Onun hansısa formada davam etdirilməsi mümkün deyil. Amma Fransa bu siyasətinin davamını təmin etmək üçün çalışır. Qlobal baxımdan Fransa Türkiyə və türkdilli ölkələrə qarşı siyasətidir. Başa düşməliyik ki, ermənipərəst cildində olan anti-türk siyasətinin şahidiyik. Bu da Aralıq dənizində olan Fransa-Türkiyə rəqabətinin davamıdır. Əminəm ki, Azərbaycan-Türkiyə tandemi bu həmlələri dəf edəcək və bizə lazım olan hədəflərə çatacağıq”.