Fransa Ukraynaya daha 2 ədəd “Crotale” qısa mənzilli zenit-raket kompleksi verir…

Fransa Ukraynaya daha 2 ədəd “Crotale” qısa mənzilli zenit-raket kompleksi verir…

Bu gün mətbuatda yayılan xəbərlərdən məlum oldu ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynaya iki ədəd “Crotale” zenit raket batareyasını tədarük ediləcəyini bildirib. Daha əvvəl də Ukrayna bu komplekslərə malik 2 ədəd batareya dəstini fransız ordusundan əldə etmişdi.

 

Beləliklə son tədarükdən sonra Ukrayna HHM qoşunları bir ədəd “Crotale” zenit raket divizionu dəstinə malik olacaq. 

 

“Crotale” qısa mənzilli zenit-raket kompleksi olaraq əsasən birinci eşelon bölmələrinin istənilən hava şəraitində hava hücumundan müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur. 

 

Versiyaları

Kompleks bir neçə modifikasiyada mövcuddur: 

“Crotale” – baza versiyası;

“Crotale Naval”- dəniz versiyasi;

“Cactus” – Çili və Cənubi Afrikaya ixrac olunan versiyalar; 

“Şahine”- Səudiyyə Ərəbistanına ixrac olunan versiya;

“Crotale-NG” – son versiya; 

“Crotale” Mk.3 – kompleksin modernləşdirilməsinin son versiyasıdır. “Crotale” Mk.3 16 km-ə qədər uçuş məsafəsi olan təkmilləşdirilmiş raket və yeni çoxşüalı “Thales Shikra” 3D radarı ilə təchiz edilib.

 

Təyinatı

 

“Crotale” kompleksləri qoşunları, mülki obyektləri, tank və mexanikləşdirilmiş briqadaların döyüş birləşmələrini düşmənin hava hücumundan müdafiə etmək üçün nəzərdə tutulur. 

 

Sursatı

 

“Crotale-NG” kompleksində Amerikanın LTV şirkəti və Fransanın “Thomson-CSF” şirkəti tərəfindən “Fad” proqramı çərçivəsində ABŞ ordusu üçün hazırlanmış yüksək sürətli VT-1 raketindən istifadə edilir. “Thomson-CSF”-ə görə, “Crotale-NG” hava hücumundan müdafiə sistemi, sabit qanadlı təyyarələrə günün istənilən vaxtında və istənilən hava şəraitində hücumlar etməyə, helikopterlərə isə təbii gizlənmə yerlərinin arxasından qəfil görünmə taktikası ilə gözlənilməz hücumlar həyata keçirməyə qadirdir. Bu komplekslər  müasir aviasiya texnikasına qarşı cavab olaraq hazırlanıb. 

 

Kompleksin hazırda seriya istehsalı davam edir. VT-1 raketinin seriya istehsalına isə 1989-cu ilin ortalarında başlanılıb. İlk istehsal VT-1-lər 1990-cı ildə silahlanmaya qəbul edilib. Kompleks Fransa HHM qoşunlarında, Finlandiya quru qoşunlarında, Yunanıstan və Hollandiya ordularında istismar edilir. 

Cənubi Koreya istismar etdiyi “Pegasus” hava hücumundan müdafiə  kompleksini modernləşdirmək üçün Fransadan bir neçə şassi əldə etmişdir. 

 

Fransanın Ukraynaya yardımları

 

Fransa artıq Ukraynaya 550 milyon avro yardım edib və gələcəkdə də yardım edəcək. Fransa Ukraynaya ən çox yardım göstərən ilk beş ölkə sırasındadır. Fransızların Kiyevə təqdim etdiyi ən məşhur silah 18 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusudur.

 

Bundan əlavə, bir neçə həftədən sonra Slovakiyada logistik platforma açılacaq. Orada Almaniyanın “Krauss-Maffei Wegmann” şirkəti ilə Fransanın “Nexter Systems” şirkətlərinin birgə müəssisəsi olan KANT Ukraynaya verilmiş avadanlıqlara operativ texniki xidmət göstərəcək. Bu avadanlıqlara “PzH 2000” özüyeriyən haubitsaları, “Caesar” təkərli haubitsaları, “Gepard” özüyeriyən sartilleriya qurğuları, “Mars II” reaktiv artilleriya sistemləri, “Dinqo” zirehli texnikası və s. aiddir.

Fransa həmçinin Ukrayna Ordusuna MILAN tank əleyhinə kompleks üçün raketləri helikopterləri və təyyarələri məhv etmək üçün “Mistral” DZRK-lar,  60-a yaxın VAB zirehli personal daşıyıcısı, tank əleyhinə minalar və gecə görmə eynəklər təhvil verib.

 

Ukrayna əlavə olaraq Fransadan radiolokasiya stansiyalarınını və YARS-ların verilməsini də xahiş edir, lakin bu barədə konkret qərar hələ açıqlanmayıb. Fransa həmçinin Aİ-də təlim keçiləcək 15000 Ukrayna əsgərindən 2000 nəfərinə təlim keçməyə razılıq verib. Artıq 400 Ukrayna əsgəri həm də Fransanın təchiz etdiyi avadanlıqlar üzrə təlimlərdən keçib.

 

Taktiki-texniki xüsusiyyətləri

 

Atəş məsafəsi: 500-10000 m

Məhvetmə hündürlüyü: 6000 m-ə qədər

Atıcı qurğuda raketlərin sayı: 8 ədəd.

Reaksiya müddəti: 5 san

Raketin maksimum uçuş sürəti: 2,6 Max

8000 m məsafəyə uçuş vaxtı: 10 san

Uzunluq: 2290 mm

Korpusun diametri: 165 mm

Raket çəkisi: 73 kq

Döyüş başlığı: qəlpəli, istiqamətli

Döyüş başlığının çəkisi: 14 kq

Tuşlama sistemi: radiokomandalı və ya optik pelenqasiya 

Yüklənmə: 35 G

 

İstifadəçilər

 

Bəhreyn, Misir, Yunanıstan, İran, Liviya, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Ukrayna, Finlandiya, Fransa, Çili və Koreya Respublikası “Crotale” komplekslərindən aktiv istifadə edirlər.

Portuqaliya və Cənubi Afrika isə bu kompleksləri silahnmadan çıxarıb (Cənubi Afrika silahlı qüvvələri “Crotale” hava hücumundan müdafiə sisteminin orijinal modelinin Fransadan da əvvəl əldə edən  ilk ölkədir).

 

Nəticə

 

Bu kompleks qoşunların döyüş birləşmələrinin birbaşa mühafizəsi ilə bərabər həm də strateji əhəmiyyətli dayaq məntəqələrinin, idarəetmə mərkəzlərinin, raket buraxılış mövqelərinin hava hücumundan müdafiəsi üçün istifadə edilə bilər.

 

Fransa Hava Hücumundan Müdafiə qoşunları İstres, Avor, Barrois, Toursan və Mont-de-Marsan aviabazalarında ümumilikdə 12 ədəd “Crotale” zenit raket batareyasına malikdir. Onlardan 4 ədədinin Ukraynaya verilməsi Rusiyanın havada əldə etdiyi üstünlüyü sıfırlamağa imkan verməsə də, amma bu üstünlüyü kifayət qədər azaldacaq. 

Mənbə

Share: