“Səmimi olsaq, Fransa vətəndaşı olsam da, bu oyunda tarixi vətənim Mərakeşə azarkeşlik edəcəyəm. Onsuz da qrup mərhələsindən etibarən onları dəstəkləyirəm”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir Mərakeş millisinin Qətərdə keçirilən dünya çempionatında yarımfinala yüksəlməsi barədə danışarkən deyib.
Mərakeş əsilli fransalı yarımmüdafiəçi tarixi vətənini təmsil edən yığmanın Fransa ilə yarımfinal görüşündə də qalib gəlməsini istədiyini bildirib: “Amma uduzsalar belə, üzülməyəcəyəm. Bundan sonra da Fransanın irəliləməsi məni sevindirəcək, onlara azarkeşlik edəcəyəm”.
31 yaşlı oyunçu Afrika təmsilçisinin mundialdakı çıxışını diqqətlə izlədiyini söyləyib: “Yarımfinala çıxmaları həqiqətən sürpriz oldu. Qrupdan çıxacaqlarını hardasa gözləyirdiksə, bundan artığını etmələrinə, açığı, təəccübləndik. Mərakeş yığması bizi təəccübləndirməkdə davam edir. Onlara görə çox sevincli və qürurluyam. Oyunlarından həzz alıram”.
Zubirin sözlərinə görə, bu hissləri təsvir etməkdə çətinlik çəkir: “Həddindən artıq sevinirəm. Buna görə yaxınlarımdan, ailə üzvlərimdən o qədər zənglər almışam, dostlarla bu barədə o qədər danışmışam ki. Doğrudan da möhtəşəm hisslərdir. Fransanın belə yarışlarda uzağa getməsi hardasa gözləniləndir. Amma Mərakeşin belə uğurlu çıxışı gözlənilməz, həmçinin bizlər üçün xoş sürpriz oldu. İlk dəfədir ki, hansısa Afrika ölkəsi belə mötəbər turnirdə yarımfinaladək irəliləyir. İnanılmaz hisslərdir”.
Təcrübəli futbolçu Belçika, İspaniya və Portuqaliyanı məğlub edən Mərakeş millisinin Fransaya da eyni aqibəti yaşada biləcəyinə inamını vurğulayıb: “Bunu əvvəlki oyunlarda da göstəriblər. Niyə də olmasın?! Mənim proqnozum Mərakeşin 1:0 hesablı qələbəsidir. Finala çıxacaqlarına çox inanıram”.
Qeyd edək ki, Fransa – Mərakeş oyunu dekabrın 14-də keçiriləcək.