Bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın 10 il bundan öncə ərəb ölkələrində təşkil etdiyi “ərəb baharı” hazırda Avropa İttifaqının düz mərkəzində, Fransada yaşanır. 17 yaşlı Naelin qətli ilə başlayan etiraz aksiyaları artıq bütün ölkəni bürüyüb. Təkcə ötən gecə Fransa polisi etiraz aksiyalarında iştirak edən 719 nəfəri saxlayıb, onlara qarşı zor və şiddət tətbiq edib. Vətəndaş-polis toqquşması zamanı 45 polis və jandarm yaralanıb.
Fransada fundamental hüquqlar ayaqlar altına atılır
Ölkədə baş verənlər artıq dövlət böhranı səviyyəsinə çatıb. Əsas şəhərlərdə idarəetmə iflic vəziyyətdədir. Hər gün daha da alovlanan və genişlənən etirazlar ölkədəki xaos və hərcmərcliyi daha da dərinləşdirir. Buna baxmayaraq, Fransa polisi öz vətəndaşı ilə amansız mübarizəsini davam etdirir. Lakin görünən odur ki, nümayişçilər öz haqlı tələblərindən əl çəkmək firkrində deyillər. Etirazçılar 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmadığını deyirlər və bunun da əsas səbəbi onun ərəbəsilli olmasıdır.
Fransada irqi ayrı-seçkilik tarixən mövcud olub. Hazırkı iqtidar, yəni Emmanuel Makron hakimiyyəti dövründə isə bu yanaşma özünü daha qabarıq formada göstərməkdədir. O, nədənsə qeyri-fransızları 2-ci və ya 3-cü dərəcəli şəxslər kimi görür. Hazırda ölkədə baş verən proseslər də Makronun yarıtmaz siyasətinin bəhrəsidir. Bu gün Fransada insan haqları kütləvi şəkildə pozulmaqdadır. Dünyaya “demokratiya dərsi” keçməyə çalışan ölkənin özündə insanların fundamental hüquqları ayaqlar altına atılır.
Makron rejiminə itaətsizlik hökm sürür
Bu arada, bir məqama da diqqət çəkək; Fransanın artıq Afrikadakı müstəmləkələrindən qovulması prosesi gedir. Bu amil də Makron hakimiyyətinin qeyri-fransızlara qarşı aqressiyasını daha da artırır. Vaxtilə qul kimi Fransaya gətirilmiş afrikalıların, asiyalıların nəvə və nəticələri hazırda bu ölkədə yaşayırlar. Lakin Fransa hökuməti onları bu ölkənin əsl vətəndaşları kimi görmür, bir sözlə, “gəlmələri” hər addımbaşı aşağılayır, hüquqlarını tapdalayır.
Lakin bu gün Avropanın mərkəzində yaşanan olaylar göstərir ki, Fransada polis, dolayısı ilə Makron hökuməti etirazçılar qarşısında acizdir. Təsadüfi deyil ki, bu gün ölkədə başlıbaşınalıq, soyğunçuluq və qarət xəbərləri dünya mətbuatının da əsas gündəminə çevrilib. Müzakirə olunan əsas məqamlardan biri də odur ki, Fransada baş verən hadisələr Makronun diktator imicini bir az da gücləndirib. Məlumdur ki, Fransa iqtidarı 3 ildən çoxdur “sarı jiletlilər”in əlində əsir-yesirdir. Sonuncu pensiya islahatları da ölkədə ciddi etirazlara səbəb olub. Sosial problemlər hər gün daha da dərinləşməkdədir. Əlbəttə ki, bütün bunlar Fransanın dünyadakı nüfuzunu sürətlə yerlə-bir etməkdədir. Bunu görən və öz sosial həyatlarında hiss edən Fransa vətəndaşları isə kütləvi şəkildə Makron rejiminə itaətsizlik göstərirlər.
“Fransada etirazlar yalnız Makronun istefası ilə yekunlaşa bilər”
Baş verənlər bir daha göstərir ki, ölkəni diktatura üsulu ilə idarə edən Makron hakimiyyəti etimadını itirib. Dünya mediasında müzakirə olunan Fransa gündəminə nəzər saldıqda bəlli olur ki, beynəlxalq ekspertlərin yekdil rəyi belədir – “Fransada etirazlar yalnız Makronun istefası ilə yekunlaşa bilər”.
Yaxşı, Makron istefa verərsə, hər şey düzələcəkmi? Əlbəttə, bu barədə öncədən nəsə demək çətin olar. Lakin Makron rejiminin yarıtmaz idarəetmə üsulu, fiaskoya məhkum sosial siyasət strategiyası Fransanın yalnız bu gününü yox, eləcə də gələcəyini sual altında qoyur.
Sonda bir xatırlatma edək, Makron cari ilin yanvar ayında Yelisey sarayında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı qəbul etmişdi. O Papazyan ki, Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Makron məhz bu adama hesabatı zamanı Xankəndidəki erməniəsilli sakinlərin hüquqlarını qoruyacağını iddia etmişdi. Bəs, Fransa lideri hazırda öz ölksində pozulan fundamental hüquqlar barədə nə düşünür? Bəlkə, o da Papazyandan mədət umur?! (report)