Fransada tətil vəziyyəti daha da ağırlaşdırıb

Fransada pensiya islahatı əleyhinə tətil və nümayişlərin 20-ci günündə vəziyyət daha da mürəkkəbləşib və nəqliyyat sistemi iflic vəziyyətdə qalır.

Ölkə rəhbəri tətilçiləri Milad bayramı ilə bağlı “barışığa” çağırsa da nəticəsi olmayıb.

Tətil və nümayişlərin getdikcə daha sərt olacağı bildirilib. Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqı (CGT) ölkədə mövcud 8 neft emalı zavodundan 2-sinin dayandırıldığını bəyan edib. Bununla əlaqədar qarşıdan gələn günlərdə neft emalı sahəsində istehsal 20 faiz azalacaq. Bayram günü qatarların 40 faizi işləyir.

Hökumət sosial tərəfdaşları – müxtəlif sahələri təmsil edən həmkarlar təşkilatları ilə danışıqların yanvarın 7-dən yenidən başlayacağını bəyan edib.

Xatırladaq ki, sosial tərəfdaşlar yanvarın 9-na ümumi tətil və nümayiş elan ediblər. (AZƏRTAC)

Share: