Fransadakı səfirimizi geri çağırmaq lazımdır

“Fransa sonuna qədər getməyi bacaran ölkə deyil. Ehtimal ki, prezident Makron və Fransa hökumət səviyyəsində sonda Senatın qətnaməsindəki bəndlər əsas götürülməyəcək. Onlar bununla sadəcə həm daxili publikada reytinq qazanmaq, həm də Azərbaycana qarşı təsir mexanizmi kimi bir qətnaməni arxivlərində saxlamaq istəyəcəklər”.

 

Modern.az xəbər verir ki, bunu ekspert Eldəniz Əmirov Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsini şərh edərkən deyib.

 

Onun fikrincə, Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir: “İlk növbədə düşünürəm ki, birmənalı olaraq Fransa vasitəçiliyindən imtina etmək və Fransadakı səfirimizi bir müddətlik geri çağırmaq lazımdır. Daha sonra iqtisadi əlaqələr formatına da əl gəzdirilməlidir. Azərbaycanda olan Fransa şirkətləri tərəfimizdən ciddi təsir hiss etməli, eyni zamanda, Fransa məhsullarına məhdudiyyətlər nəzərdən keçirilməlidir. Bunun Azərbaycanda ciddi mənfi təsiri olmayacaq. 35,6 milyard dollarlıq ticari dövriyyəmizin cəmi 245 milyon dolları Fransa ilə həyata keçirilir ki, bu da ümumi dövriyyənin 0,6%-i deməkdir.

 

Göründüyü kimi böyük çəkisi yoxdur. Amma Azərbaycanın bu addımı ilə Fransa hökumətinə ölkəmizlə bağlı olan Fransa şirkətlərinin və mal ixracatçılarının mənfi “feedback”i yönəldəcək. Ümumilikdə isə Fransa Senatının qətnaməsini pisləyir və onu qərəzli kağız parçası hesab edirik”, – deyə iqtisadçı ekspert vurğulayıb.

 

Qeyd edək ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

Mənbə

Share: