“Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər əsassızdır”.
Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransa parlamentinin deputatı Jerom Lambert deyib.
“Makron tamamilə əsassız və Azərbaycan üçün absurd ifadələr işlədib. Bu, onun siyasi nitqinin təsviridir. O, çox yöndəmsiz şəkildə hamını eyni anda razı salmağa çalışır. Makron bununla Ermənistana dostluq vəd etmək istəyir, amma bu addım yanlışdır”, – fransalı deputat vurğulayıb.
O qeyd edib ki, Makronun siyasi çıxışları iki ölkə arasında əlaqələrə xələl gətirir:
“Bütün bunların hamısı Vladimir Putinin (Rusiya prezidenti –red) indiki siyasətini qarışdırmaq üçündür. Mənim fikrimcə, Makron yaxşı müşahidəçi və ya yaxşı uzaqgörən siyasətçi deyil. Makrondan əvvəl biz hər iki tərəflə faydalı əlaqələr qurmuşduq. Amma onun dost Azərbaycana qarşı münasibəti təəssüf doğurur. Erməni diasporunun güclü təzyiqlərinə məruz qalan Fransaya xas olmayan işlər görülür”.
Xatırladaq ki, prezident Makron “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.
Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal” etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib. O, Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb:
“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, – Makron deyib.
Bundan əlavə, Fransa Prezidenti Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında gərginlik yaratmaqda da ittiham edib:
“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”.