“Demokratiya beşiyi” kimi dünyaya sırınan, müstəmləkələrində soyqırımlara, qırğınlara yol verən, keçmiş müstəmləkələrindən biabırçı formada qovulan Fransa indi də Ermənistanı silahlandırmaqla növbəti gərginlik ocağı yaratmağa çalışır. İrqi ayrı-seçkilik, tabeliyində olan xalqların hüquq və azadlıqlarının pozulması, etnik təmizləmə, münaqişə ocaqları yaratmaq Fransanı xarakterizə edən əsas cəhətlərdir. Rəsmi Paris ölkənin üzləşdiyi problemləri həll etmək əvəzinə, hər vəchlə diqqəti yayındırmağa çalışır.
Fransadakı erməni lobbisindən yemlənən Makron komandası Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda gərginlik yaratmağa çalışır. Atdığı son addımlar göstərir ki, bu ölkə Qafqazda sülh və əmin-amanlığın bərqərar olmasında ən neqativ qüvvə kimi çıxış etməyi qarşıya məqsəd qoyub. 30 illik işğala son qoyan 44 günlük Qarabağ zəfərinin nəticələri ilə Ermənistan barışsa da, Paris barışmaq istəmir. Şirin vədlər verməklə, riyakarcasına bölgəni yeni müharibəyə sürükləyir. Roma Papasından artıq katolik olmağı “hədəf götürən” Fransa bölgə xalqlarının əmin-amanlıq içində yaşamasına qarşıdır. Ermənistan və erməni xalqı müharibə əhvali-ruhiyyəsində olmadığı halda, cəmiyyəti revanşizmə sürükləyir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.
Yeri gəlmişkən, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən bədnam qətnamənin də təşəbbüskarı Fransadır. Ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanat, orada səsləndirilən fikirlər qəbuledilməzdir və regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Hər vəchlə Azərbaycanla Ermənistan arasında danışıqları pozmağa çalışır və bu yöndə əlindən gələn hər şeyi edir. Həqiqətən də məhz Fransanın təxribatçı hərəkətləri Azərbaycan və Ermənistan arasında danışıqlarda durğunluğa gətirib çıxarıb. Fransanın bu siyasətinin məqsədi də bəllidir – uğursuzluqlarını başqa ölkələrə ötürmək.
Makronun tapşırığı ilə bu günlərdə İrəvana səfər edən Fransa xarici işlər naziri Ketrin Kolonna ölkəsinin çirkin planının mahiyyətini ortaya qoyub. Erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Ermənistana hərbi texnikanın verilməsini müzakirə edib. Hətta mümkün sazişi bağlamağa razı olduqlarını da dilə gətirib. Bu planının mahiyyəti Cənubi Qafqaz bölgəsinə daxil olmaq, Ermənistandan alət kimi istifadə etməkdən ibarətdir. Lakin Ermənistan başa düşməlidir ki, Fransanın yardımları ona yaxşı heç nə vəd etmir, Fransanın canfəşanlığı heç də onların xeyrinə deyil.
Birincisi, 44 günlük Qarabağ zəfəri Ermənistan qarşısında xeyli imkanlar açıb. Ölkənin tərəqqisi qonşularla mehriban münasibətlər, sülh və əmin-amanlıqdan keçir və bunu da artıq çoxları başa düşür.
İkincisi, Fransanın yeni Qafqaz siyasəti bölgədə sabitliyin yaranmasına, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olmasına ciddi təhlükə törədir. Fransa kimi ölkələrin guya Rusiyanı sıxışdırmaqla bölgəyə sülh gətirəcəkləri xam xəyaldır. Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupuna həmsədr dövlət kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə qarşı çıxıb. Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş torpaqlarını azad etməyə başlayanda Fransa ona qarşı çirkin böhtan kampaniyasına start verdi. Hər vəchlə hərbi əməliyyatların dayandırılmasına çalışdı. Dəfələrlə anti-Azərbaycan qətnamələrin qəbuluna, sanksiyaların tətbiqinə cəhd göstərdi və bu gün də buna calışır. Azərbaycanofobiya və türkofobiya siyasəti az qala bu ölkənin dövlət siyasətinə çevrilib.
Üçüncüsü, görünən odur ki, Fransanın Ermənistanı Suriyaya, Ukraynaya çevirmək kimi məkrli və çirkin planı mövcuddur. İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək istəyi də bundan xəbər verir. Fransanın informasiya mənbələrində qeyd olunur ki, yeni hərbi attaşe Fransanın istehsal etdiyi öldürücü silahların Ermənistana tədarükünə nəzarət edəcək. Qeyd edək ki, Ermənistana öldürücü silahların tədarükü ilə bağlı hərbi-siyasi qərar birbaşa Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilib.
Maraqlı və təəccüb doğuran Qərb dövlətlərinin, qurumlarının Parisin çirkin planlarına, qərarlarına səssiz qalmasıdır. Əvəzində onun təşəbbüsü ilə Azərbaycana qarşı böhtan dolu və bədnam qətnamə qəbuluna yol verirlər. Halbuki, Avropa İttifaqının aparıcı ölkələrindən birinin öldürücü silahlar tədarük etməsi ümumavropa sülh siyasətinin kobud şəkildə pozulmasıdır. Əminliklə deyə bilərik ki, Fransanın bu addımı yaxın gələcəkdə regionda sülhün və sabitliyin bərqərar olunmasında ciddi əngəl yaradacaq.
Beləliklə, Fransa regionda çirkin və məkrli siyasi oyun oynamaqda israrlıdır. Lakin artıq indidən əminliklə deyə bilərik ki, bu cəhd uğursuzluğa düçar olacaq. Tarix göstərir ki, əsrlər boyu Yaxın Şərq və Afrikada müstəmləkə siyasət yürüdən, öz imperialist maraqları üçün bu iki regionda yerli xalqları qanına qəltan edən və onları əsarət altında saxlayan Fransanın Cənubi Qafqazda sülhyönümlü siyasət yürütməsi qeyri-mümkündür. Ola bilsin, Paris Ermənistanda hərbi-siyasi güc mərkəzinə çevrilsin. Lakin bu yolda hansısa dividendlər əldə edəcəyi mümkünsüzdür. /Report/