“Gələcəyə doğru” adlı məzun gecəsi keçirilir

Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilir.

Milletinsesi.az xəbər verir ki, tədbirdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə builki əlaçı məzunlar və onların müəllimləri, ümumilikdə 3200 nəfərdən çox insan iştirak edir.

Mərasimdən öncə təhsil naziri Ceyhun Bayramov, onun müavinləri, nazirliyin idarə rəisləri,Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev həmçinin, gənclər və idman nazirinin müavini İntiqam Babayev Bakı Konqres Mərkəzində nümayiş olunan təhsil və gənclər sahəsində fəaliyyət göstərən təşkilatların stendləri ilə tanış olublar.

Məzun gecəsi məzunların Azərbaycan Respublikasının dövlət himnini canlı şəkildə ifası ilə başlayıb.

Məzun gecəsində təhsil naziri Ceyhun Bayramov çıxış edərək Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

C.Bayramov çıxışının sonunda məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra müstəqil Azərbaycan Respublikasının inkişafı, əldə olunan nailiyyətlər və yürüdülən gənclər siyasəti ilə bağlı sənədli film nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edir.

 

Share: