2026-cı il üçün təhsil və elm xərclərinə 5.2 milyard manat vəsait nəzərdə tutulur. Bu cari illə müqayisədə 68.4 milyon manat və ya 1.3 faiz, ötən illə müqayisədə 658 milyon manat və ya 14.3 faiz çoxdur. Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1.4 milyard manat və ya 35.2 faiz artıb.
Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2.9 milyard manat, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin maliyyələşdirilməsinə 828.5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199.7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1.1 milyard manat vəsait nəzərdə tutulur:
“Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün ayrılacaq vəsaitin 42 milyon manatı həssas qrupdan olan 18.5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub. Həmçinin, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15 milyon manat vəsait proqnozlaşdırılır”.


