
“Səsləri də, üz cizgiləri də, dodaqları da, burunları da eynidir”
“Tamaşaçılar məni görən kimi deyirlər ki, bizə efirdən pozitivlik ötürürsüz. Məni səmimi, sadə olduğuma görə sevirlər. Buna şükür edirəm ki, o hörməti, sevgini bu vaxta qədər qoruyub saxlamışam. Hörməti qazanmaq asandır, əsas onu qoruyub saxlamaqdır. 1970-ci illərdən sənətdəyəm. Həddindən artıq sadə və çox səmimiyəm. Bu illər ərzində hiss etdim ki, bəzi insanlar bu səmimiliyimdən istifadə edir. Amma yenə də sənət aləmində mənə hamı hörmətlə yanaşır. Kaş bir az başqa xasiyyətdə olardım. Amma nə edim? Məndə bu alınmır. Rola girə bilmirəm, hər şey daxildən gəlir”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib.
“ “Baladadaşın ilk məhəbbəti” filminə görə rejissor Fikrət Əliyevə hər zaman rəhmət oxuyuram. Sağlığında da ona təşəkkür edirdim. O filmdə mənim gəncliyim qorunub saxlanılır. Əvvəlcə bu film mənə çatmırdı, onu hiss etmirdim. İllər ötəndən sonra görürəm ki, Azərbaycan kinosunun ən gözəl ekran işlərindən biridir. Hətta izlədikcə kövrəlirəm. Fikrət Əliyev məni azacıq da olsa o filmlə tarixə köçürdü” deyə müğənni bildirib.

Ruhəngiz Musəvi müasir müğənnilərdən də danışıb.
“O dövrün oxuyanlarının hərəsinin öz dəst-xətti, tembri, ifa tərzi var. Bir-birlərinə qətiyyən oxşamırdılar. Bu gün də istedadlılarımız çoxdur. Səslər bir-birinə oxşayır. Məndən inciməsinlər. Nəinki səsləri elə görünüşləri də. Burun da, dodaqlar da, üz də eynidir. Mənə deyirlər ki, sizin üz cizgiləriniz hamıdan seçilir. Bu baxımdan xoşbəxtəm. Xanım incəliyini, kübarlığını qoruyub saxlamalıdır” deyə əməkdar artist bildirib.

Ruhəngiz Musəvi daha sonra xarici görünüşündə heç bir estetik əməliyyat etdirməyini bildirib.
“İndiyə qədər heç bir estetik əməliyyat keçirməmişəm. Rəhmətlik anam da həmişə yaşından cavan görünüb. Bu gendən irəli gəlir. Bir də gərək insanın qəlbi təmiz olsun, heç kimə paxıllıq etməsin. O vaxt gəmi ilə dünya səyahətinə çıxmışdım. Həmin gəmidə “Azərbaycan gözəli” seçilmişəm. Kollektivin içində tək qadın müğənni mən idim. Heç bilmirdim ki, məni gözəl seçəcəklər. İndiki gözəllik yarışmalarına baxmaq olmur. Əməliyyatla özlərini gözəlləşdirmək istəyiblər, amma əcaib alınıb” deyə sənətkar bildirib.