
Şuşaya getmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ağız açdım. Sağ olsun, heç vaxt üzünü belə görmədiyi birisinin xahişini nəzərə aldı.
Bir qrup yəhudi əsilli ABŞ və İsrail jurnalistləri ilə Qarabağın işğaldan azad olunmuş bölgələrində oldum. İngilis dilini bildiyimə görə onlarla ünsiyyət qurumaqda elə bir çətinlik çəkmədim. Şuşa səfərindən sonra yəhudi jurnalistlər Qırmızı Qəsəbəyə gedəcəkdi. Yəhudilərin yaşadığı bu qəsəbə haqqında Qərb mətbuatında çox oxumuşam. Ancaq heç vaxt o qəsəbəyə yolum düşməyib. Yəhudi jurnalistlərlə birlikdə qəsəbəyə getmək istədim. Bir daha Fuad bəyə üz tutmalı oldum. Sağ olsun, bu dəfə də etiraz etmədi. Yəqin ki, bu səfərə “yuxarıların” da elə bir etirazı yox idi. Əlbəttə, mən niyəsin bilirəm. Mən tək-tük Azərbaycan jurnalistlərdən biriyəm ki, Qərbdə yaşasam da İlham Əliyev iqtidarına qarşı radikal müxalifətdə deyiləm. Əksinə, bir çox məsələlərdə iqtidarı açıq və birmənalı şəkildə müdafiə edirəm. Xüsusən, Qarabağ məsələsində. Azərbaycanın yeritdiyi xarici siyasətə də əsasən müsbət yanaşıram. Daxili siyasəti isə yarıtmaz sayıram. Rüşvət və korrupsiya, klançılıq, total seçki saxtakarlığı, siyasi həbslər… və bu kimi eybəcərliklərə etiraz edirəm. Düşünürəm ki, namuslu bir insan bu kimi biabırçılıqlara dözməməlidir. Məsələn, “Tərtər hadisələri”nə necə bəraət qazandırmaq olar?
Bilirəm, mən bu iqtidar üçün arzuolunmaz şəxslər sırasındayam. Düşünün ki, bu iqtidar mənə heç “Əməkdar jurnalist” adı da verməyib. Az qala min nəfərə bu adı veriblər. Halbuki üst-üstə yıxsan bu ölkədə heç bir ovuc jurnalist yoxdur…
Bu iqtidar məni saxta ittihamla həbsə atıb, təqib edib və ölkədən didərgin salıb. Bütün bunlara baxmayaraq mən iqtidarı tənqid edərkən ədalət hissini itirməmişəm. Ona görə də dəqiq bilirəm ki, Qərbdəki söyüşcül və radikal jurnalistlərlə müqayisədə iqtidar üçün o qədər də pis deyiləm. Mənə dözümlü münasibət göstərirlər…
İqtidar onu da yaxşı bilir ki, mən təkəm. Heç bir siyasi lideri, qrupu, tayfanı, dini məzhəbi təmsil etmirəm. Yalnız və yalnız öz adımdan danışıram. Öz sözümü deyirəm. Başımın üzərində kiminsə iradəsi yoxdur. Olmayacaq da. Azərbaycanın dövlət maraqları mənim üçün xüsusi önəm daşıyır. ABŞ, Avropa İttifaqı, Rusiya, İran, Ərəb Dünyası, Çin… Mən müəyyən təmənna müqabilində hansısa ölkənin marağını Azərbaycandan üstün tutmamışam. Tutmaram da. Tutanları da vətən xaini hesab edirəm…
Son günlərdə ictimai rəyə təsir imkanı geniş olan bir çox jurnalist ilə görüşdüm. Maraqlıdır ki, onların demək olar ki, hamısı İlham Əliyevi müdafiə edir. Eyni zamanda onlar da Azərbaycandakı durumdan son dərəcə narazıdırlar. Həmkarlarla təkbətək söhbətlərdən sonra mənə bir daha aydın oldu ki, ölkədə çoxları mənim kimi düşünür. Qarabağ məsələsi ilə bağlı çoxluq prezidenti müdafiə edir, ancaq elə həmin çoxluq onu da aydın şəkildə görür ki, ölkədə vəziyyət pisdir. Ölkədaxili problemləri həll etmək lazımdır. Mən əminəm ki, ölkədaxili problemləri həll etmək o qədər də çətin olmayacaq. Sadəcə bu işə başlamaq lazımdır.
Azərbaycan bizim vətənimizdir. Allaha şükür ki, torpaqlarımızı erməni işğalından qurtara bildik. Biz gərək elə edək ki, heç olmasa bizim övladlarımız bu ölkədə xoşbəxt və firavan yaşasın. Ölkə ədalətlə idarə olunsun.
Məndən tez-tez soruşurlar ki, İsveçrə necə ölkədir. Deyirəm ki, İsveçrə namuslu ölkədir. Kimsənin haqqını danmaz. Arzu edirəm ki, Azərbaycan da bütün dünyada namuslu bir ölkə kimi tanınsın. İnanıram ki, bu, mümkündür. Hər birimiz bunun üçün çalışmalıyıq…
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist


