
Ermənistan Respublikasının “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərini növbəti dəfə kobud surətdə pozmasını sübut edən qandondurucu, insanlığa sığmayan yeni faktlar aşkar edilib.
Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş daha bir kütləvi məzarlıq Ermənistanın beynəlxalq humanitar hüquq norma və prinsiplərinə qətiyyən əməl etmədiyinin əyani sübutudur, burada 25 nəfərin qalıqları tapılıb.
Ehtimal edilir ki, bu, Azərbaycan Ordusunun əsir düşmüş və vəhşicəsinə qətlə yetirilmiş hərbi qulluqçularının qalıqlarıdır. Tapılmış cəsədlərin kəllə sümüklərində yaxın məsafədən atılmış güllə izləri, əl və ayaqlarının məftillərlə bağlanması onların xüsusi amansızlıq, işgəncə və vəhşiliklə qətlə yetirilməsini sübut edən dəlillərdir.
Qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxs kimi 3890 nəfər azərbaycanlı qeydiyyata alınmışdir. Onların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü də faktlarla sübut edilib.
Əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyəti erməni əsirliyində qətlə yetirilmiş, işgəncə və xəstəliklərdən vəfat etmiş, bir hissəsi isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunmuşdur.
Bu günə kimi Ermənistan əsir düşmüş hərbi qulluqçu və mülki vətəndaşlarımız haqqında heç bir sorğuya cavab vermir, halbuki 1949-cu il IV Cenevrə Konvensiyasının tələblərinə əsasən, münaqişənin qarşı tərəfi silahlı münaqişə zəminində şəxslərin öz ailə üzvlərini axtarması barəsindəki sorğusunu cavablandırmalıdır. Bunun müqabilində Azərbaycan beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirməkdədir. Dörd Cenevrə konvensiyasının iştirakçısı kimi humanizm prinsipini rəhbər tutaraq hətta son sentyabr münaqişələri zamanı əsir götürülmüş erməni əsgərlərinə humanist münasibət sərgiləmiş və onların vətənlərinə qaytarılması istiqamətində öhdəliklərini yerinə yetirməkdədir.
Bütün dünyada əsir və girov götürülmüş şəxslərlə amansız rəftar, onların qətlə yetirilməsi beynəlxalq cinayət kimi dəyərləndirilsə də, Ermənistanın bu günə kimi 30 ilə yaxın bir dövrdə işğal etdiyi ərazilərdə törətdiyi hərbi cinayətləri hələ də layiqli qiymətini almamış və heç bir məsuliyyətə nəinki cəlb edilməyib, hətta dünya ictimaiyyəti bu məsələləri göz ardına vurmaqdadır.
Əgər bu gün beynəlxalq ictimaiyyət bu müharibə cinayətlərinə müvafiq cavab və qiymət verməsə, növbəti bir separatçı rejimin belə cinayətlər törətməsi qaçılmaz olacaqdır, buna görə də həmin cinayətləri törədənlər mütləq məsuliyyətə cəlb edilməli, törətdikləri əməllərə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.
Növbəti fakt kimi Xocavənd rayonunun Edilli kəndində törədilmiş cinayətlərin aşkar edilməsi dünyanın bir sıra aparıcı dövlətlərinin belə cinayətlərə qiymət verilməsini tələb etməsi ilə nəticələnmiş, bir çox mətbuat orqanları buna biganə qalmamış və XXI əsr düşüncəsinə sığışmayan bu cinayətləri layiqincə qiymətləndirmək haqqında tələblər səslənməkdədir. Gec-tez ədalət bərpa edilməli, günahsız qurbanlarının qatilləri cəzalarına çatmalıdırlar.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı


