Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin Ülviyyə Rüstəmova adlı ailəli xanımı qaçırması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daha sonra mətbuata açıqlama verən şöbə müdiri yayılan məlumatların tamamilə şər-böhtan və qarayaxma olduğunu iddia edib.
“Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Xanımın əri ilə əlbir olaraq bunu edib. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam”,- deyə Ş.Qəmbərli mediaya açıqlamasında bildirib.
Haqqında danışılan Ülviyyə Rüstəmova isə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir:
“Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam”.
Daha sonra Redaktor.az-la əlaqə saxlayan Ülviyyə Ariz qızı Rüstəmovanın həyat yoldaşı Anar Məhəmməd oğlu Abbasov bəzi məlumatları oxucularlımızla bölüşdü:
Onun sözlərinə görə, həyat yoldaşı bu ilin iyunun 17-də evdən ayrılaraq Goranboy İcra Hakimiyyətinin şöbə müdiri, 3 övlad atası olan Şaiq Qəmbərli ilə qaçıb:
“Yoldaşım yalan məlumat verir ki, guya evdən qaçmayıb. Guya ər evindən çıxıb birbaşa anası evinə gedib. Amma mənim əlimdə sübutlar var ki, o qadın anası evinə getməyib. Çünki anası onu axtarmaq üçün Bakıya da getmişdi və anası qızınnın rəfiqələrinə qızını axtarmaqla bağlı səs də atıb. Həmin səslər də var əlimdə”.
Anar Abbasov daha sonra qeyd edib:
“Qaçan ərəfədə mənə köhnə nömrəsilə mesaj yazdı ki, “boşanma ərizəsi vermişəm və Bakıya gedirəm, orada işləyib yaşayacağam”. Sonra nömrəsinə zəng çatmadı. Mən bu barədə yoldaşımın anasına məlumat verdim. Həm o, həm mən ayrı-ayrılıqda Bakıya getdik. Birinci bacısının evinə getdim, amma orda deyildi. Anası da başladı qızını axtarmağa, yoldaşımın rəfiqələrinə zəng etsə də, heç bir nəticə olmadı.
Mən 2 gündən sonra qayıtdım Goranboya. Anası isə məndən 1 gün sonra qayıtdı. Bir neçə gün sonra yeni nömrəsi ilə anasına zəng etdi. Beləliklə yeni nömrəsi bilindi. Halbu ki, bu yeni nömrə də çoxdan alınıbmış. Votsapda aktivlik vaxtı 2022-ci ilin may ayının 4-dən başlayıb”.
Anar Abbasovun sözlərinə görə, qayınanası Gəncədəki bacısıgilə gedib. Daha sonra qızı Ülviyyə ilə əlaqə saxlayıb. Ülviyyə də səhər durub Gəncəyə gedib, anası ilə görüşüb, oradan da Goranboydakı ata evinə gəlib və deyib ki, 2 gün sonra yenə Bakıya qayıdacaq.
“Yoldaşım rayona gəldikdən sonra onu görmək üçün anasının evinə getdim. Orada olarkən Ülviyyənin telefonuna Şaiq Qəmbərliyə məxsus nömrədən mesaj gəldiyini gördüm. Mesaji oxuyanda artıq yoldaşımla Şaiq Qəmbərlinin arasında münasibət olduğunu görmüş oldum. Mən həmin mesajları və teleonu Goranboy rayon hüquq-mühafizə orqanlarına da təqdim etmişəm. Artıq Goranboyda hər kəs bunların arasında qeyri-etik münasibətin olduğunu bilir.
Şaiq Qəmbərli və yoldaşım yalan məlumatlar yayaraq hər kəsi inandırmağa çalışırlar ki, guya mən narkotik aludəçisiyəm, guya hər gün yoldaşımı döyürəm. Lakin yoldaşımla aramızda olan yazışmalarla da sübut edə bilərəm ki, bizim münasibətimiz pis olmayıb ki, mən onu hər gün döyüm.
Mən telefonda bunların mesajlaşmasını tutduqdan sonra yoldaşım özü mənə etiraf etdi ki, Şaiq Qəmbərli ona Gəncə şəhərindən kirayə ev tutub, hərçənd ki, indi bunu təkzib edir.
Baxmayaraq ki, biz yoldaşımla iyunun 17-nə kimi birgə yaşamışıq, yoldaşım Şaiq Qəmbərlinin köməyi ilə hələ may ayından gizlin şəkildə vəkil də tutubmuş”.
Həmçinin Anar Abbasov ona atılan böhtanlara cavab olaraq bildirib ki, istənilən vaxt tibbi ekspertizadan keçməyə hazırdır:
“Ülviyyə və Şaiq Qəmbərli məni narkotik aludəçisi olaraq ictimaiyyətə təqdim edirlər. Necə ola bilər ki, 615 bal ilə Bakı Dövlət Universitetini bitirən, sabiq icra başçısının fəxri fərmanına layiq görülən insan narkotik aludəçisi olsun? Mən nə vaxt istəsəniz tibbi ekspertizadan keçə bilərəm”.
Anar Abbasov onu da əlavə etdi ki, şöbə müdiri ilə arvadı arasındakı münasibətlə bağlı əlindəki faktları hüquq-mühafizə orqanlarına təqdim edib və lazım gələndə onları media ilə də bölüşəcək:
“Bütün Goranboy əhalisi onların yalan, mənim dogru danışdığımı bilir. Şaiq Qəmbərli müsahibəsində deyib ki, guya keçmiş iş yoldaşı ilə birlikdə ona qarşı qarayaxma kampaniyası qurmuşuq, hansı ki Şaiq indi o adamın yerinə təyin edilib. Mən həmin adamı tanımıram, hətta heç üzünü də görməmişəm”.
Bu arada, Şaiq Qəmbərlinin adının mətbuatda qalmaqalda hallanması ilk dəfə deyil. Bundan əvvəl də onun Qarabağ qazisini döyməsi barədə mətbuatda çeşidli xəbərlər dərc edilib.
Belə ki, Hurriyyet.az-Iın yazdığına görə, Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilib.
Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin edib. icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.