Goranboyda “2023-cü il – Heydər Əliyev ili” çərçivəsində Polis Günü ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri “02 iyul – Azərbaycan Polisi Günü” ilə bağlı Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər, ehtiramlarını bildirdilər. Heydər Əliyev mərkəzində Ulu Öndərin xalqına həsr olunmuş mənalı həyat yolu və dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini özündə əks etdirən fotostendə baxış keçirilib. Daha sonra tədbir iştirakçıları rayon polis şöbəsində keçirilən tədbirdə iştirak ediblər.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra, Prezident İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon polis şöbəsinin rəhbər və bütün şəxsi heyətini təbrik edib.
Tədbirin sonunda rayon polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və digər mükafatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.