Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Milletinsesi.az-a müsahibəsini təqdim edirik:
– Tofiq müəllim, Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılması məsələsi yenidən gündəmdədir. Sizcə, prosesin düyün nöqtəsi hardadır? Bu baş versə, Ermənistanla böyük sülh müqaviləsinin imzalanması tezləşə bilərmi?
– Bu məsələdə çətinlik yaradan bəzi məqamlar var. Çünki ermənilər deyirlər ki, “bizə aid” Başkənd kəndi Azərbaycanın nəzarəti altındadır. Bu baxımdan, söhbət hansısa dəyişmədən gedə bilər. Ermənistanın mövqeyi bu cürdür. Yəni ərazi baxımından götürdükdə, ərazilərdə – anklavlarda fərqlər var. Bu, hazırkı Ermənistan-Azərbaycan danışıqlarının bir mövzusu ola bilər. Eyni zamanda, bizim məsələyə fərqli yanaşma sərgilmək üçün mövqeyimizi gücləndirəcək amillər də mövcuddur. Bu da ondan ibarətdir ki, Başkənd kəndinin Ermənistana verilməsi sovetlər dövründə olub. Həmin vaxt adıçəkilən ərazinin Ermənistana verilməsi qeyri-qanuni bir qərarla gerçəkləşib. Bu baxımdan, Azərbaycan Ermənistanın məsələyə baxışının dəyişdirilməsi üçün fərqli mövqedə ola bilər. Hesab edirəm ki, bu mövzu ətrafında da fikir mübadiləsi davam etdiriləcək. O vaxt həmin kənddə ermənilərin qismən çox yaşadığını iddia edərək onlar sovet hakimiyyətini aldatmışdılar və kəndin Ermənistana “birləşdirilməsinə” nail olmuşdular. Yəni, məsələni öz xeyirlərinə həll eləmişdilər. Amma bu Azərbaycanla razılaşdırılmamışdı və qeyri-qanuni şəkildə ərazi ermənilərə verilmişdi. Azərbaycan indiki vəziyyətdə bu yanaşmanı təbii ki, qəbul edə bilməz. Bu baxımdan, bizim Başkəndlə bağlı mövqeyimizə müzakirələr zamanı aydınlıq gətirilə bilər. Ümumiyyətlə, Azərbaycan indiki mərhələdə bu məsələni bizim xeyrimizə həll edə bilər. Çünki Azərbaycanın yürütdüyü siyasət, onun güclü olması rəsmi Bakıya danışıqlarda bir sıra üstünlüklər qazandırır. Bu, şəxsən məndə heç bir şübhə yaratmır.
– Tərəflər –söhbət təkcə Azərbaycandan getmir – böyük sülh müqaviləsinin imzalanması fonunda ərazi güzəştini göz önünə ala bilərmi?
– Böyük sülh müqaviləsinə imza atılması hazırda bizimçün ən aktual mövzu deyil. Mən belə hesab etmirəm.
– Yəni biz Ermənistanla sülh müqaviləsini imzalanmasını istəmirik?
– Yox. Sadəcə olaraq bu o zaman aktuallaşacaq və mümkün olacaq ki, biz Qarabağ mövzusunda Ermənistanı Azərbaycanın daxili işlərinə müdaxilə etmək fikrindən daşındıracağıq. Eyni zamanda, bunun qarşısını tam şəkildə alacağıq və Ermənistan heç vaxt belə bir şey etməyəcək. O zaman sülh müqaviləsinin imzalanması mümkündür. Biz görürük ki, iqtisadi, hərbi, siyasi baxımdan onların hələ də Azərbaycana aid ərazi iddiaları bu və ya digər şəkildə gündəmdədir. Bu şəraitdə sülh sazişinə qol çəkmək, düşünürəm ki, düzgün olmaz. Əgər Ermənistan yuxarıda qeyd etdiyim siyasətini yenə də yürütsə, Azərbaycanın təbii olaraq Başkənd, Zəngəzur və Göyçə mahalı mövzularını gündəmə gətirməyə haqqı çatır. Düşünürəm ki, sülh müqaviləsinin mümkün olması indiki şəraitdə daha çox ermənilərdən asılıdır.
-Bəs yaxın vaxtlarda biz Zəngəzura, Göyçəyə qayıda biləcəyikmi? Əhalimizin öz tarixi yurdlarına qayıtması mümkündürmü?
– Hər halda ermənilər onların Qarabağla bağlı iddialarının gündəmdə qalmasında israrlı olarsa, bunu danışıqların gündəminə daxil etməyə çalışarlarsa, biz də bu məsələni gündəmdə saxlamalıyıq. Biz görürük ki, müxtəlif dövlətlər bu məsələdə ermənilərin mövqeyini dəstəkləyir. Əminəm ki, bütün bunlara qarşılıq olaraq digər məsələ də mövzu olaraq aktuallaşacaq. Söhbət Zəngəzur və Göyçədən asılıdır. Zəngəzur və Göyçəyə qayıtmaq da Azərbaycanla Ermənistan arasındakı danışıqların mövzsusu ola bilər. Söhbət qayıdışın hansı şəraitdə və hansı statusda reallaşmasından gedir. Ümumiyyətlə, mən hesab edirəm ki, indi bu məsələ ilə bağlı Azərbaycan rəsmən müraciət etməlidir. Bildirilməlidir ki, tarixi ədalətin bərpa olunması üçün Zəngəzur və Göyçə Azərbaycana qaytarılmalıdır.
– Bəs bunun üçün əlimizdə yetərincə hüquqi baza var?
– Əlbəttə, niyə yoxdur ki?! Çünki vaxtı ilə bolşevik hakimiyyəti həmin əraziləri qeyri-qanuni olaraq ermənilərə verib. Təbii ki, bu qanunsuz bir əməl idi. Tarixi ədaləti bərpa eləmək üçün gərək Ermənistan bizim istəklərimizlə razılaşsın. Yəni güzəşt olaraq biz 100 ilin kompensasiyasını biz onlardan almaya bilərik. Amma torpaqlarımızı qaytarmalıdırlar. Baxın, mən necədə də güzəştli bir mövqe sərgiləyirəm.
– Laçın dəhlizinin Azərbaycana nəzarətinə qaytarılmasından sonra Xocalı, Əsgəran, Xocavənd istiqamətində erməni terrorçuları ilə toqquşmalar ola bilərmi? Sizcə, keçmiş məcburi köçkünlərimizin həmin ərazilərə qayıtması nə vaxta reallaşacaq?
– Biz bu məsələni müzakirə edərkən həmişə onu iki yerə bölməliyik. Birinci məsələ bizim Ermənistanla münasibətlərimizdir. İkincisi, bizim öz sərhədlərimiz daxilindəki və rusiyalı sülhməramlıların nəzarətində olan ərazidir. Bu iki mövzunu həmişə bir-birindən ayırmalıyıq. Bəzi şərhçilər də bu məsələni bir yerdə şərh edirlər. Belə olmamalıdır. Biz diplomatik olaraq buna nail olmuşuq. Artıq bu mövzular bir-birindən tamamilə fərqlənən məsələlərdir. Bizim suveren hüququmuz odur ki, 3 il ərzində Qarabağın dağlıq hissəsində yaşayan faktiki vətəndaşlarımızla təhlükəsizlik mühitini rusiyalı sülhməramlılarla birgə yaradacağıq. Daha sonra bu təhlükəsizlik mühitini özümüz formalaşdıracağıq. Digər bölgələrimizdə hansı təhlükəsizlik şəraiti mövcuddursa, Qarabağın dağlıq hissəsində də bu şəraiti yaradacağıq. Kim ki, bizim qanunlarımıza tabe olmayacaqsa, o zaman həmin şəxslərlə bağlı qanuna müvafiq qaydada tədbirlər görüləcək. Dünyanın istənilən nöqtəsində belələrinə terrorçu deyirlər. Həmin terror qrupları başa düşməlidir ki, qanun qarşısında cavab verəcəklər. Qanunlar çərçivəsində onların zərərsizləşdirilməsi Azərbaycan dövlətinin hüququdur. Bununla bağlı heç kəsin şübhəsi olmasın. Bu məsələdə iştirak etmək istəyən üçüncü tərəflər var. Onların prosesdə iştirakı mümkün deyil. Ona görə ki, Azərbaycan heç kəsdən kömək istəməyib. Zorla bu məsələdə iştirak etməyə çalışırlar. Minsk qrupunun yenidən gündəmə gətirilməsinə çalışırlar. Bu o deməkdir ki, onlar bizim suveren hüquqlarımızı əlimizdən almağa çalışırlar. Özləri orada söz sahibi olmaq istəyirlər. Nəinki özləri, hətta Ermənistanı da bu məsələyə qatmaq fikrindədirlər. Çünki Minsk qrupunun üzvü Ermənistandır. Yəni, Ermənistan bu danışıqlarda Azərbaycanla eyni hüquqlara malik olan bir tərəf kimi çıxış edəcək. Təbii ki, bu mümkün olan şey deyil. Artıq buna son qoyulub.