Günəş “yatdı”

Müşahidələr sübut edir ki, Günəşdə aktivliyin azalma dövrü başlayıb

NASA-nın Günəş üzərində 16 günlük müşahidələri zamanı heç bir ləkə aşkarlanmayıb.

Müşahidələr sübut edir ki, günəşdə aktivliyin azalma dövrü başlayıb.

Ancaq alimlərin fikrincə, bu “yalançı sakitlik” maqnit dalğalarının ümumiyyətlə olmaması anlamına gəlmir. Maqnit sahəsində ehtimal olunan narahatlıq peyklər, hava nəqliyyatı və hətta elektrik cihazlarına təsir edəcək qədər güclənə bilər.

Qeyd edək ki, Günəş enerjisinin azalması və artması 11 ildən bir dəyişir. Bu, həvəskar-astronom Samuel Henrix Şvabenin adına uyğun olaraq, Şvabe sikli kimi məşhurdur.

Günəş ən “gərgin” vaxtında ləkələrlə örtülmüş olur. Bu, bizim planet üçün təhlükəli hesab edilməsə də, atmosferdən kənarda olan peyklər və astronavtlar üçün təhlükəlidir.

“Günəş aktivliyi minimum həddi keçdikdən sonra bir neçə il partlayışlar müşahidə ediləcək” – deyə NASA ekspertləri bildirib.

Bəzi məlumatlara görə, Günəşin aktivliyinin minimum həddə düşməsi Yer atmosferinin soyuqlaşması ilə əlaqədardır. 1645-1710 illərdə ulduz “yatmış” vəziyyətdə olub. Bu müddət ərzində onun səthində 40-50 min əvəzinə yalnız 50 ləkə vardı.

Həmin vaxt Şimal yarımkürəsində “Kiçik Buz dövrü” olaraq bilinən görünməmiş soyuqlar başlamışdı. Bu zaman hətta cənub dənizləri belə buzla örtülmüşdü. Temza və Dunayda isə konki sürmək mümkün imiş./Sputnik Azərbaycan

Share: