“Gün ərzində qohumlara iki cəsəddən artıq verilə bilməz…”

“Ukraynada hər gün həlak olan rusiyalı əsgərlərin sayı 500-1000 nəfər arasındadır…”

 

“Şəhərimiz böyük deyil, həlak olanların bir neçə cəsədlərinin qohumlarına təhvil verilməsi təlaş yarada bilər…”

 

“Rusiyada əyani təhsil alan tələbələrin kütləvi şəkildə müharibəyə göndərilməsinə hazırlıq gedir…”

 

Rusiya sosial partlayışdan ehtiyat edərək Ukraynada həlak olanların cəsədlərini qohumlarına “dozalaşdırılmış” qaydada təhvil verir

 

Rusiyanın Ukraynada itkiləri artdıqca, peşəkar hərbçilərin ardınca səfərbər edilənlər sink tabutlarda evlərinə döndükcə, hakimiyyət nümayəndələri sosial partlayışdan əndişələnərək həlak olanların cəsədlərinin verilməsinə məhdudiyyətlər qoyur.

 

Moderator.az xəbər verir ki, bu barədə regional hökumətlərin birindəki mənbəyə istinadən “The Moscow Times” qəzetinin rus xidməti yazıb.

 

Nəşrin məlumatına görə, meyitxana əməkdaşları Ukraynadan gətirilən cəsədlərin qohumlarına “dozalaşdırılmış” qaydada-gündə iki cəsəddən artıq təhvil verilməməsi barədə göstəriş alıb.

 

“Şəhərimiz böyük deyil, həlak olanların bir neçə cəsədlərinin qohumlarına təhvil verilməsi təlaş yaratmaq deməkdir. Qohumların meyitxana qarşısında ölüləri üçün növbələrə dayanması vəziyyətindən vaz keçmək istəyirlər. Orada huşunu itirənlər, qalmaqallar ola bilər, ona görə də vəziyyəti gərginləşdirmək istəmirlər”, – bunu qəzetə Orenburq meyitxanasının işçilərindən biri deyib və dəqiqləşdirib ki, belə sərəncam şəhər səhiyyə idarəsi rəhbərliyindən daxil olub.

 

Bu arada isə sosial şəbəkələrdə yayılan videoda Novosibirskin Tolmaçevo hava limanına ölüm şəhadətnaməsi bərkidilən onlarla tabutlar göstərilib. Onların bəzilərində yükün daşınacağı region və ya yaşayış məntəqəsi yazılıb.

 

 

 

Bir neçə gün öncə “Mediazona” son zamanlar Ukraynada Rusiyanın rekord sayda itkiləri barədə məlumat verib. Ukrayna Baş Qərargahının məlumatına görə, Ukraynada hər gün həlak olan rusiyalı əsgərlərin sayı 500-1000 nəfər arasındadır.

 

Qərb mənbələrinin fevralın əvvəlinə olan məlumatlarına görə, Rusiya ordusu, o cümlədən öldürülən və yaralananlar daxil olmaqla, 200 min nəfər itirib ki, bu da Rusiya prezidentinin 2022-ci ilin fevralın 24-də hərbi müdaxilə etmək üçün səfərbər etdiyindən sayca çoxdur.

 

ABŞ hökumətinin dəyərləndirmələrinə görə, Rusiya Ukraynaya hərbi müdaxilə etdiyi gündən təkcə “Vaqner qrupu” özəl hərbi şirkəti yaralanan və öldürülənlərlə birlikdə 30 mindən artıq adam itirib. Onlardan 90 faizi Rusiya həbsxanalarından cəlb edilənlərdir.

 

Bu arada isə Rusiyada əyani təhsil alan tələbələrin kütləvi şəkildə müharibəyə göndərilməsinə hazırlıq gedir.

 

 

Rusiyanın ali məktəblərində səfərbərliyin növbəti dalğasına hazırlıq gedir. Bunu Tomsk Dövlət Pedaqoji Universiteti üzrə verilən əmrdən görmək olar. Sənədin surəti Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən dərc edilib.

 

 

Qeyd edilir ki, Rusiyada ali məktəb tələbələrinin kütləvi səfərbərliyini təmin etmək istəyirlər. Bunun üçün “xəbərdarlıq məntəqələri” yaradılır, onlar hərbi komissarlıqlara əyani təhsil alan tələbələrə çağırış vərəqələrinin verilməsində yardım edəcək. Bu işə rəsmən səfərbərliyə düşməyən vətəndaşların cəlb edilməsi planlaşdırılır.

 

Bu zamam Tomsk Politexnik Universitetində “xəbərdarlıq məntəqələri”nə müəyyən tələbə və əməkdaşlar onların razılığı olmadan və hətta əvvəlcədən məlumat verilmədən daxil edilir, Ukrayna kəşfiyyatı qeyd edib. Belə “məntəqələrə” tədris müəssisələrinin ali rəhbərliyi nəzarət edəcək.

 

“Ehtimal ki, səfərbərlik aprelin 1-dən müddətli hərbi xidmətə yaz çağırışı başlananda həyata keçiriləcək. Lazım gələrsə, çağırışın başlanması təxirə salına bilər”, – Ukrayna kəşfiyyatı məlumat verib.

 

O, xatırladıb ki, “Rusiyada növbəti səfərbərlik dalğası üçün əlavə hüquqi əsaslar olmalıdır, çünki 2022-ci ilin sentyabrında elan edilən “qismən səfərbərlik” rəsmən hələ də başa çatmayıb”.

Mənbə

Share: