“Günay Sığorta”nın Ləğvetmə Komissiyası yaradılıb

Azərbaycan Mərkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi “Günay Sığorta” ASC-nin Ləğvetmə Komissiyası yaradılıb.

Bunu Komissiyanın sədri, hüquqşünas Əkrəm Həsənov şirkətin müştərilərinə və kreditorlarına müraciətində bildirib.

Onun sözlərinə görə, Komissiya 1 il ərzində “Günay Sığorta”nın fəaliyyətinə rəhbərlik edərək ləğv prosesini bitirəcək: “Şirkətin müştəriləri (sığortalıları və s.) və digər kreditorları qarşısında bütün öhdəliklər tam və vaxtında icra ediləcək. Bunun üçün artıqlaması ilə vəsait mövcuddur. Yəni, “Günay Sığorta” müflis deyil (əks halda, könüllü ləğv mümkün olmazdı). Belə ki, şirkətin likvid aktivləri 9,31 milyon manat, öhdəlikləri isə 7,5 milyon manat təşkil edir. Beləliklə, aktivlərin ümumi bazar dəyəri onun öhdəliklərindən 1,81 milyon manat çoxdur. Buna görə də müştərilər və kreditorların maraqları baxımdan narahatçılıq üçün heç bir əsas yoxdur. Ləğvetmə prosesi şəffaf və qanuna uyğun şəkildə həyata keçiriləcək, ictimaiyyətə vaxtaşırı məlumatlar veriləcək”.

Mənbə

Share: