
Həddindən artıq duz istehlakı insult, infarkt və vaxtından əvvəl ölümə səbəb ola bilər
Ölkələr tərəfindən qida məhsullarında duzun miqdarının azaldılmasına dair siyasətin fəal şəkildə tətbiqi hər il 7 milyona qədər insanın həyatını xilas etməyə imkan verəcək. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir.
Modern.az təşkilatın saytına istinadla xəbər verir ki, ÜST natriumun istehlakı barədə bununla bağlı ilk qlobal hesabat dərc edib.
Natriumun həddindən artıq istehlak edilməsi nə ilə nəticələnə bilər? Natrium – insana lazım olan qida maddəsidir. Lakin ÜST-nin xəbərdarlığına görə, həddindən artıq miqdarda natrium sağlamlıq üçün zərərlidir, onun istehlakı ürək xəstəlikləri, insult və vaxtından əvvəl ölümə səbəb ola bilər.
Eyni zamanda, həddindən artıq natrium istehlakı və mədə xərçəngi, piylənmə, osteoporoz və böyrək xəstəliyi kimi digər xəstəliklərin yüksək riski arasında əlaqəni təsdiq edən getdikcə daha çox sübutlar ortaya çıxır.
Natriumun əsas mənbəyi yeməyə əlavə edilən adi duzdur (natrium xlor). Duzun orta qlobal gündəlik istehlak norması 10,8 qram təşkil edir. Bu, ÜST-nin gündə 5 qramdan az (bir çay qaşığı) duz tövsiyəsindən iki dəfə çoxdur. ÜST-nin Avropa regionunda orta göstəricisi gündə 8,61 qram təşkil edir.
Natrium qida əlavələrinin tərkibində də var. Çips, tez hazırlanan vermişel, soya sousu, ucuz bulyon kubları kimi məhsulların istehsalında çox vaxt istifadə edilən natrium qlutamat bunun bariz nümunəsidir.
“Zərərli qidalanma bütün dünyada ölüm və xəstəliklərin əsas səbəbidir, natriumun həddindən artıq istehlakı bu cür qidalanmanın əsas elementlərindən biridir”, — deyə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus vurğulayıb.
“Hesabat göstərir ki, ölkələrin əksəriyyəti hələ bundan sonra natrium istehlakının azaldılması ilə bağlı mütləq tədbirlər görməlidir, natrium istehlakının nəticəsində bu ölkələrin əhalisi ürək tutması, insult və digər sağlamlıq problemləri riskinə məruz qalır”, – deyə doktor Tedros Qebreyesus bildirib.
ÜST-nin məlumatına görə, bu gün təşkilata üzv dövlətlərin yalnız 5 faizi, yəni cəmi doqquz ölkə – Braziliya, Çili, Çexiya, Litva, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, İspaniya və Uruqvay natriumun tərkibinin azaldılması ilə bağlı məcburi və əhatəli siyasət sayəsində qorunub. Eyni zamanda, ölkələrin 73 faizində bu cür siyasətin realizə edilməsi ilə bağlı tam tədbirlər spektri mövcud deyil.
ÜST-nin Avropa regionunda natrium istehlakının azaldılması ilə bağlı məcburi siyasətin qismən həyata keçirildiyi ölkələr arasında Belarus, Ukrayna və Özbəkistan yer alıb. Ən ağır vəziyyət Ermənistan, Tacikistan və Qırğızıstandadır. Bu ölkələrdə dövlət orqanları hələ ki, tədbir görəcəklərini vəd edirlər.
ÜST-nin ekspertləri xatırladırlar ki, natrium istehlakının azaldılması üçüncü Dayanıqlı İnkişaf Hədəfi – sağlam həyat tərzinin təmin edilməsinə nail olunması yolunda ən mühüm addımdır. Lakin hesabatda deyildiyi kimi, indi ölkələr dərhal fəal tədbirlər görməyə başalamazlarsa, dünya 2025-ci ilə qədər natrium istehlakının azaldılması ilə bağlı məqsədə nail ola bilməyəcək.
Hesabatın müəllifləri ölkələrə aşağıdakı tədbirləri görməyi tövsiyə edirlər: duzun miqdarını azaltmaq və qida məhsullarında natrium miqdarının hədəf göstəricilərini təyin etmək üçün məhsulların formulunu uyğun şəkildə dəyişmək; duz və natriumla zəngin məhsulların dövlət müəssisələri, xəstəxanalar, məktəblər və qocalar evlərinə tədarükünün məhdudlaşdırılmasını nəzərdə tutan dövlət satınalma siyasətini işləyib hazırlamaq; qablaşdırmanın ön tərəfində istehlakçılara tərkibində az miqdarda natrium olan məhsulları seçməyə imkan verən məcburi etiketləmə barədə qanunları tətbiq etmək; duz və natrium istehlakının azaldılmasına istiqamətlənən informasiya kampaniyaları keçirmək.