Günün qoroskopu: “Tibbi prosedurlar üçün uğursuz gündür”

Qoç – Mars və Neptunun birgə münasibətləri gördüyünüz işə dostları da cəlb etməyə imkan yaradır. Lakin işlərin rəvan getməyəcəyini bəribaşdan bilin ki, sonradan təşvişə düşməyəsiniz.

Eqoist olmayın, başqalarının fikir və rəylərinə diqqətlə qulaq asın, yanınızdakı insanları anlamağa çalışın. Təmas və əlaqələrin emosiyalar girdabına yuvarlanmasına imkan verməyin. Özünüzü başqa rolda, mövqedə və işdə sınaya bilərsiniz.

Əhvalınızın fəaliyyətinizdə problemlər yaratması arzuolunmazdır.
Başqalarının hiss və düşüncələri görəcəyiniz işdə mühüm amilə çevrilə bilər.

Təhlükəsizliyinizi təmin edin.
Axşam saatlarında bir qədər təkbaşına qalın.

Buğa – göstəriş və ya məsləhət verəndə sözlərinizin məntiqli, ağlabatan olmasına fikir verin. Lisiteya və Enseladın münasibətləri bu gün sizdən bütün qarışıqlıq, hərcailik və dağınıqlığa rəğmən dayanıqlı, səbatlı mövqe tutaraq praktik davranmağı, şərtlərlə, anlaşmalara əməl etməyi tələb edir.

İşin effektivlik səviyyəsi stabil olmaya bilər. Qüvvənizin artdığı zamanda çox, bir qədər nigaran olduğunuz vaxtda isə az çalışın.
Emosional davranmayın, yaşam nizamınızı poza biləcək sirləri açmayın.

“Gözlənilən gözlənilməzlik” tipli hadisə və ya görüş ola bilər.
Seçim qarşısında qalsanız, praqmat olun. Emosional təzyiqə məruz qalsanız belə, soyuqqanlı davranın.

Əkizlər – bu gün sizdən tələb olunan əsas məqam uzaqgörən və soyuqqanlı olmaqdır. Avropa və Tefeyanın münasibətləri gərgin şəraitə rəğmən, məntiqi itirməməyi, çətinlikləri instinktiv olaraq anlamağı, çalışdığınız insanların emosiyalarını və hisslərini qəbul etməyi vacib bilir.

Borclu olmaqla bağlı anlamlara aldanmayın. Ətrafdakıların sizdən gözlədiyinin əvəzinə sizə lazım olanı edin. Etibar etdiyiniz insanlarla iş görün. Səbrli, dözümlü olun, xırda məsələlərə qıcıqlanmayın.

Gün ərzində pullarla ehtiyatlı olun. Sizi aldatmağa çalışacaqlar, bədxərclik etməyin.
Evi və ya işi tərk etməzdən əvvəl qapının yaxşı bağlanıb-bağlanmadığını yoxlayın.

Xərçəng – Umbriel və Haron sizdən cari məsələlərdə sakit, soyuqqanlı şəkildə məşğul olmağı tələb edir. Yolladığınız xəbər, məktub və ya informasiyanı bir daha yoxlayın.

Maliyyə məsələləri və münasibətlər ciddi diqqət tələb edir. Yalan, fırıldaq, əldə etdiyiniz uğur və ya nəticənin mənimsənilmə cəhdi təhlükəsi var. Sənədləşdirmədə, danışıqlarda sayıq olun.

Şəxsi münasibətlərdə sevdiyiniz insana xüsusi iddialar ünvanlamayın, çox tələbkar olmayın.
Günün ikinci yarısında maraqlı görüş ola bilər.

Köhnə umu-küsünü və incikliyi ön plana çəkməyin, yeni perspektivləri araşdırın.

Şir – maliyyə məsələlərində və ödənişlərdə diqqətli olun. Miranda və Qanimed sizdən iş, maddi perspektivlərlə bağlı dağınıq, narahat fikirləri daha konstruktiv məcraya yönəltməyi tələb edirlər.

Çoxdan bəri başa vurmalı olduğunuz işi bitirin. Ətrafınızdakı insanlarla təmaslarda, söhbətlərdə dözümlü və səbrli olun, narazılıq yarada biləcək söhbətlərə qatılmayın, inciklik və anlaşılmazlıq üçün səbəb olmayın.

Şəxsi münasibətlərdə yeni intriqa yarana bilər.
Sevdiyiniz insanın qəlbinə toxunmayın, onu incitməyin.

Qız – intensivliyi bir qədər azaldın və Ayla Marsın himayəsində olan bu gün uğurla keçəcək. Gərəksiz yerdə olmağa çalışmayın.

Dediklərinizin yanlış dərk olunması, səbəbsiz inciklik və umu-küsü, kiminsə sizin haqqınızda səhv düşünməsi mümkündür. Tələsik hərəkətlərə və düşünülməmiş qərarlara yol verməyin.

Hissiyatınızla məsləhətləşin, ilkin emosiyalara qapılmayın.
Yeni və maraqlı nə isə kəşf etsəniz, təhlil edin.
Evdə, dostların yanında özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz.

İşlərdə çətinliklərin səviyyə və miqyasına rəğmən onları müzakirə edin. Problemləriniz həll olunandır.

Tərəzi – emosiyalar bu gün güclü və dərin olsa da, onlarla güc və enerji çatışmazlığı olacaq. Plutonun himayəsində olduğunuzdan bu gün yalnız cari məsələlərin həlli ilə məşğul olun, yeni işə başlamayın.

İş yerində yeni intriqa yaranacaq, çoxdan gözlədiyiniz hadisə baş verəcək. Amma bu hadisə birmənalı deyil.
Malik olduğunuza dəyər verin və hadisələri tələsdirməyin.

Axşam saatlarını ailəyə ayırın, valideynlərinizlə ünsiyyət üçün vaxt tapın. Ev işləri üçün əlvreişli gündür.

Ezoterika, falçılıqla bağlı proqnozlara əsla inanmayın.

Əqrəb – bu gün mühüm və önəmli iş görmək istəsəniz, ləngimələr, əngəllərlə qarşılaşacaqsınız. Titanla Günəşin münasibətləri nəticəsində fikriniz cari işlərdən uzaqda olacaq.

Xəyalınızdakı insanlarla danışacaq, fantaziyanızda dolaşacaqsınız. Gerçək həyatda qarşınıza konkret, real məqsədlər qoyun.
Mühüm işi başa vurmağı sabaha saxlayın.

Barəsində nigaranlıq və təşvişin olmadığı görüşdən savayı bütün görüşlərlə danışıqları təxirə salın.
Özünüzü tələsdirməyin. Lazım olan əvəzinə, istədiyiniz işi görün, sevdiyiniz məşğuliyyətə qapılın.

Oxatan – hadisələrə öz məcrasında inkişaf etməyə imkan verin. Venera və Ariel sizə himayədarlıq edir, suallarınıza cavab tapır, yeni perspektivlər yaradır.

Münasibətlərdə ikili standartlar və ya tərəfdaşınızın sizə yalan danışmağını hiss edə bilərsiniz. Nəticə çıxarmağa tələsməyin. Diqqəti ən mühüm işlərin və məsələlərin həllinə yönəldin. Ola bilər ki, ailə ilə bağlı təcili məsələni həll etmək zərurərti yaransın.

Heç nəyi köklü şəkildə dəyişməyərək səylərinizi maliyyə və maddi sahələrdə nəticənin əldə olunmasına yönəldin.

Az tanıdığınız insanlarla ünsiyyət və əlaqələrdə ehtiyatlı olun.

Oğlaq – ayın ən çətin günüdür. Andromeda və Deymosun münasibətləri baş verənlərə ifrat dərəcədə sərt reaksiyanı, yorğunluğun yığılmasını şərtləndirir. Heç nəyi mürəkkəbləşdirməyin. Dayanmaq, nəfəs dərmək üçün yetərincə səbəbləriniz var.

Hissiyatınız güclənir. Orijinal fikirlər, problemlərin alternativ həll yolları ola bilər. Sizinlə eyni işə cəlb olunmuş adamlarla qarşılıqlı fəaliyyətdə bəzi müşküllərin birgə həlli istisna deyil. Fəqət ideyaların bilavasitə reallaşmasını bir qədər təxirə salın.

Yığılan gərginlik və stressin yaratdığı yorğunluq hətta ən təcili, təxirəsalınmaz işlərdə ətalətə səbəb ola bilər.
İrəliyə doğru hərəkət edin və lazımi olaylarla insanlar özləri sizi tapacaq.

Dolça – bu gün sizi aldatmağa, sonradan problemlər yarada biləcək hərəkəti etməyə çalışacaqlar. Fobos və Saturn sizdən intriqalara qatılmamağı, açıq zarafat və dedi-qodudan uzaq durmağı tələb edir.

Bununla yanaşı, sizi narahat edən problemin həllini günorta saatlarında tapacaqsınız. Mühüm mövzuda irəliləyiş ola bilər. Sizə əziz olan insanla münasibətləri qoruyun. İnformasiya adi kanallarla yox, fərqli vasitələrlə gəlir. Yaşananları diqqətlə müşahidə edin.

Yaxın ətrafınızdakı insanlardan biri ilə münaqişə yarana bilərsə, dərhal barışın.
Evdə işləri görün, valideynlərlə əlaqə saxlayın.

Alış-verişdə bədxərclik etməyin, aldığınız əşyaların istifadə və yararlılıq vaxtını yoxlayın.
Tibbi prosedurlar üçün uğursuz gündür.

Balıqlar – bu gün Dolça, Mars və Neptunun münasibətlərində yeniliklər olduğundan diqqətiniz azala bilər, sayıqlıq və ehtiyat hisslərinizdə sakitlik yaranması istisna deyil.

Əsas məsələ tələsməmək, hadisələrin arzuolunmaz məcrada inkişafına zəmin hazırlamamaqdır. Danışıq və görüşü təxirə salmayın. Qarşılıqlı maraq varsa, görüş və danışıqlar uğurla keçəcək.

Alınan informasiyalar arasında faydalı olanları var. Sadəcə, bir qədər diqqətli olmaq gərəkdir.
Emosional fon stabil deyil, əsas məsələ diqqətdən yayına bilər.

Axşamla bağlı planlarınıza dəyişikliklər edə biləcək xəbərlər gələ bilər.
Təmkinli olmağa çalışın.

Share: