Oktyabrın 20-də Zəngilanda yol qəzası keçirən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın vəziyyəti yaxşıdır.
Bu barədə Modern.az-a deputat Şamil Ayrım özü məlumat verib.
O, hazırda ev şəraitində müalicəsinin davam etdiyini bildirib:
“Evdə müalicəni davam etdiririk. Daha 10 gün müalicə davam edəcək. Həkimlər hələ işə getməyə icazə vermirlər. Çox danışmamağa çalışıram, sümüklərimdə hələ də ağrılar var. Binəli bəy də müalicəsini davam etdirir. O da evdədir, istirahət edir. Allaha şükür ki, vəziyyəti yaxşıdır. Bədənimizdə olan sınıqların bərpası üçün 4-6 həftə vaxt lazımdır. Bir həftə sonra dördüncü həftəmiz tamamlanacaq. Hazırda hər şey qaydasındadır”.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb