Otuz ildən çoxdur Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovuna çevrilib.
Bu barədə “Baku TV”nin erməni dilində hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, müharibənin ağır travmalarına baxmayaraq, hər iki xalq sülh və harmoniya şəraitində birgə yaşaya bilər. Bakının tam mərkəzində erməni kilsəsinin olduğu, ağır müharibələrə baxmayaraq, etnik ermənilərin Azərbaycanda yaşadıqları bildirilib. Xüsusi vurğulanıb ki, “bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var”.
Eyni zamanda Qarabağda həyatın, infrastrukturun bərpasından da bəhs edilib. Separatçıların müxtəlif bəhanələrlə Laçın və Ağdam yolunun Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanların günahkar olduğu vurğulanıb.