Həqiqi hərbi xidmətdə olan, həmçinin ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin minimum istehlak səbətinin dəyərinə uyğunlaşdırılmalıdır.
Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.
Məruzədə yer alan digər təklifdə qeyd olunub ki, yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün müəyyən edilmiş aylıq kompensasiya məbləği artırılmalıdır.
Eyni zamanda, yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nəqliyyat xərclərinin də müəyyən edilməsi məsələsi məruzədə öz əksini tapıb.
Bundan başqa, güzəştli şərtlərlə mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləğinin müəyyən edilməsi təklif edilir.
Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.