Ermənistan və Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin tətbiqindən söhbət getmir, qurum münaqişənin sülh yolu ilə həllinə ümid edir.
Modern.az xəbər verir ki, bunu KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
“Gəlin özümüzdən qabağa getməyək. Sadəcə onu demək istəyirəm ki, sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdilər ki, bu gün Ermənistanla Azərbaycan arasında mövcud olan problem siyasi və diplomatik üsullarla həll edilməlidir”, – Sidorov jurnalistlərə bildirib.
“Nə sentyabrın 13-də, nə dünən, nə də bu gün və məncə, yaxın gələcəkdə KTMT-nin iştirakı ilə hərbi gücdən istifadədən söhbət gedə bilməz”, – o vurğulayıb.
Sidorov xatırladıb ki, tərəflər artıq atəşkəs barədə razılığa gəliblər.
“Ümid edirik ki, proseslər silah və güc tətbiq edilmədən sülh yolu ilə həllini davam etdirəcək”, – o əlavə edib.
Xatırladaq ki, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində gərginlik artandan sonra rəsmi İrəvan KTMT-yə müraciət edərək kömək istəmişdi.