Proloq -Yaxud, bir uçuşun tarixçəsi
Əngin səmaları azadlığa təşnə olan, həsrətdən yanıb-qovrulan bir quş dəlmədədir… Uçur, uçur, yenə də uçur… Ruhuna ağrı tək yığdığı ayrılıqları buludlara yükləyərək bir amal uğrunda–Təbrizin dizinə baş qoymaq üçün-uçur…
Yenə mənim üçün çox doğma məkandayam: “Xalq Bank”ın əsas binasında “Xalq əmanəti” layihəsinin növbəti buraxılışının-Güney həsrətli Xalq şairi Hökumə Billurinin “Seçilmiş əsərləri”nin təqdimatındayıq. Azadlıq yanğılı, Vətən həsrətli quşcuğazı da bir neçə dəqiqə gözümü çəkmədən bu kitabın üz qabığında müşahidə edirəm. Vərəqlədikcə fərqinə varıram ki, kitabdakı bütün şeirlərin ruhu, ovqatı, dərdi elə bu üz qabığındakı həmin quşun uçuşunda əks olunub… Hökumə Billuri bu uçuş naminə yüzlərlə şeirlər yazıb, cild-cild kitablar çap etdirib… Və “Xalq Bank” özünün “Xalq əmanəti” layihəsi həmin şeirləri bir uçuş halında bir araya gətirib…
“Təbrizin küçələri dolanbadolan…”
Hökumə Billurinin nəfis tərtibatla hazırlanmış “Seçilmiş əsərləri” həm də bir özəlliyinə görə seçilir: Kitab bütövlükdə, içindəki bütün yazılanlarla birlikdə Təbrizin ayrılıq,həsrət xəritəsidir. Odur ki, küçə-küçə, ev-ev oxunur… Oxuyanda anlayırsan ki, burada Təbrizə aid hər şeyin-küçələrin, yolların, damların öz dadı var. Hökumə xanımın qələmində isə Təbrizin bütün yolları həsrət dadır… Duzlu göz yaşı qatılmış, kifsimiş vağzal qoxuyan bir dad… Buradakı yollar insana həsrət yedirdir…
Təbrizin bütün yolları onsuz da ayrılıqlar üzrə ekspertdir, həsrət üzrə mütəxəssisdirlər. Hökumə xanımın şeirlərində isə bu yollar həm də üsyanın, dirənişin tərbiyəçisidirlər. Vərəqlədikcə daha da fərqinə varırıq ki, Hökumə Billuridəki üsyan ruhunun özü bu yollarda tərbiyə alıb, böyüyüb-yetişib, boya-başa çatıb.
Bir həsrət nəğməsi içindən reportaj
Hökumə Billurinin “Seçilmiş əsərləri”nin təqdimatı keçirildiyi “Xalq Bank”ın əsas binasında qonaqlar artıq yerini almadadır. Az sonra təqdimata toplanmış tanınmış ictimaiyyət nümayəndələri, ədəbiyyat adamları, media təmsilçiləri, rəsmi qonaqlar və s. üçün həm indi əlimdə tutduğum bu kitabla bağlı ətraflı məlumat veriləcək. İndi fərqinə varıram ki, sən demə, kitabı vərəqlədikcə, oradakı şeir parçalarına göz gəzdirdikcə beynimdə özümdən xəbərsiz bir musiqi səslənirmiş. Hətta gözümü o şeirlərdən ayıranda da həmin musiqi dayanmır. Hökumə Billurinin şeirləri ilə necə də ruh qardaşı imiş bu?! Özümdən xəbərsiz məndə səslənən bu musiqini Güney Azərbaycan yanğısı ilə dünyasını dəyişən mərhum Rübabə Muradova oxuyur… “Qaragilə”adlı xalq mahnısını həsrətlə bu kitabın arxa fonu kimi səsləndirir: “Təbrizin küçələri, dolanbadolan, Qaragilə, dolanbadolan…”
Hökumə xanım isə ona özünün Təbriz bayatıları ilə cavab verir:
Gözəlim ana Təbriz,
Yaralı sona Təbriz.
Sənsiz keçən günlərim
Gələrmi, sana Təbriz?
Əzizim, dağlar üstə,
Dağ vurdun dağlar üstə.
Bülbül olub uçaydıq,
Təbrizdə bağlar üstə.
Kitabı vərəqləyən zaman təsadüfən rastıma çıxan və acgözlüklə oxuduğum Təbriz bayatılarından bir neçə misranı öz-özümə sələndirə-səsləndirə təqdimat zalına daxil oluram.
Əvvəlcə məlumat verək ki, “Xalq Əmanəti” layihəsinin 23-cü nəşrinin qəhrəmanı Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə II Dünya müharibəsi illərində, Sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb.
1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.
Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.
“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və “Məhəmmədhüseyn Şəhriyar” (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitab halına salınaraq Moskvada nəşr edilib.
Akademik Nizami Cəfərov Hökumə Billuri barədə yuxarıdakı bilgilərlə yanaşı, əlavə məlumatlar da verir, bəzən öz yaddaşını işə salaraq biri-birindən maraqlı xatirələr də danışır. Zalda birbaşa Təbrizdən gələn qonaqlarla yanaşı, Hökumə xanımın öz övladları Cahangir bəy və Elnaz xanım da var. Yeri gəlmişkən, təqdimatın sonunda mükəmməl və axıcı bir nitqlə çıxış edən Elnaz xanım oradakılara sanki anasının adından bir-bir təşəkkür edir və təşəbbüskarların əməyini alqışladı.
Kitabın tərtibçisi və redaktoru Səlim Babullaoğlu Hökumə xanımın poeziyası barəsində danışarkən maraqlı bir məqama toxunur. Şairin bu sözləri az əvvəl vurğuladığımız bir məqamı bir daha təsdiqləmiş olur: Hökumə Billurinin bütün şeirləri özü-özülüyündə azadlığa, Vətənə qovuşmağa həsrətli bir quş uçuşudur:
“Hökumə xanımın yaradıcılıq kredosunu bir bəndlə ifadə etmiş olsaydım, bu bəndi səsləndirmək olardı. Hökumə Billurinin yaradıcılığı bu dörd misrada bütünlüklə ifadə olunur:
Təbrizdə Bakını gözündə saxlar,
Bakıda Təbrizi gəzər, soraqlar.
Bir gözü güləndə bir gözü ağlar,
Bir nakam Leyladır, mənim ürəyim.
Elə “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynlinin də fikirləri vətənhəsrətli şairənin bütün yaradıcılığının bir kredoya mənsunluğuna eyham vurmuş oldu:
“Hökumə xanım vətənin parçalanması mövzusunu yaradıcılığında ardıcıl olaraq işıqlandırıb. Hökumə xanımda Güney həsrəti həm də şəxsi həsrət idi. Ruhunda, mənəviyyatında açılan yaraların ağrısı idi. O baxımdan elə bilirəm ki, onun yazdıqları daha səmimi idi. Bütün mövzulara baxışı oradakı dərdləri, o ayrılığı əks etdirmək baxımından bizim üçün dəyərlidir”.
Kitabda bədii tərtibat və dizayn işinin müəllifi Tərlan Qorçu isə çıxışında üz qabığı ilə bağlı səsləndirdiyi fikirləri çox yaddaqalan oldu. Deməli, elə ilk dəqiqələrdən diqqətimizi xüsusilə çəkən nişanələr-üz qabığının məzmunu- elə yaradıcı heyət üçün də kitabın bütün ruhunun təcəssümü imiş.
Son söz yerinə – Yaxud oxucu üçün qeydlər
Artıq çıxışlar da bitmək üzrədir. Amma sanki yenə də mərhum Rübabə Muradovanın yanğı ilə oxuduğu “Qaragilə” xalq mahnısının elə buralardaca səs eşidilir. Əziz oxucu, siz də bu kitabı vərəqlədikcə bu və ya buna bənzər musiqini eşidəcəksiniz. Bu kitabdan həm də Təbriz küçələrinin qoxusu gəlir. İnsana həsrət yedizdirən küçələrin və insanı özünə çevirən küçələrin qoxusu… Bu yollar, bu küçələr bir ruhi anlayışdı. Kimin ruhu o ruhla qovuşursa mütləq onun qoxusunu da üzərində gəzdirir.
Hökumə xanımın bütün şeirləri bəlkə elə o küçələr və o qoxular barədə elegiyadır.
P.S.Həm də əngin səmanı yararaq Vətən doğru süzən bir quşun uçuşu haqqında elegiya…
Elmin Nuri