Əvvəla, onu qeyd edək ki, gündəlik namazlar heç bir bəhanə ilə tərk edilməməlidir. İnsan gündəlik namazları hər bir şəraitdə qılmağa borcludur. Aşağıda verilən qeydlər namaz məkanları arasında seçim aparmaq imkanı olan şəxslərə aiddir. Əgər namaz qılmaq üçün başqa məkan yoxdursa, o halda aşağıda qeyd edilən məkanlarda namaz qılmağın məkruhluğu aradan qalxır.
Milletinsesi.az islam.az-a istinadən bildirir ki, əgər namaz qılmaq üçün məkan seçimi imkanı varsa, aşağıdakı məkanlarda namaz qılmaq bəyənilmir: şəkil olan otaqda və canlı varlığın şəklinin qarşısında, güzgünün qarşısında (məkruhluğu aradan qaldırmaq üçün şəklin və güzgünün üzərini örtmək kifayətdir), insanla üz-üzə və ya çox gediş-gəliş olan yerlərdə (bu zaman da məkruhluğu aradan qaldırmaq üçün namaz qılan şəxs öz qabağına bir nazik çubuq və ya ip, hətta təsbeh qoya bilər), ocaqla, şam və çıraqla üz-üzə, mətbəxdə, hamam otağında, cənabətli şəxslə eyni otaqda, şoranlıq yerdə, qəbristanlıqda və ya məzarın qarşısında. Bir daha təkrar edirik ki, bu məkanlarda namaz qılmaq haram deyil, məkruhdur, yəni bu namazın savabı azdır.