Mədəniyyətimizin inkişafına məsul olanların hamısının nəzərinə…
II məqalə
Əvvəldən qeyd edim ki, bu məqalə bir qədər nəzəri xarakter daşıyır. Ona görə də bəzi oxucular üçün darıxdırıcı da görünə bilər. Amma, fikrimcə mədəniyyətimizin taleyi ilə bağlı müzakirələrdə belə bir məqaləyə də ehtiyac vardır. Çünki, bir sıra məsələləri nəzəri olaraq dəqiqləşdirmədən mədəniyyətimizin inkişafı ilə bağlı konkret təkliflər vermək mümkün deyildir. Növbəti məqalələr isə konkret faktların izahı üzərində qurulmaqla daha oxunaqlı olacaqdır. Hələliksə, mədəniyyətimizin taleyinə maraqlı olan hər kəsi müzakirələrə dəvət edirəm.
“Mədəniyyət” fəlsəfə elmində ən mühüm kateqoriyalardan, anlayışlardan biridir. Amma, təəsüf ki, müasir fəlsəfi nəzəriyyələr mədəniyyətin mahiyyəti barədə lazım olduğu qədər aydın, konkret təsəvvür yarada bilmir. Yer üzündə, müxtəlif ölkələrdə indi baş verən bəlaların əsas səbəblərindən biri də budur.
Çox təəsüf ki, bizdə də mədəniyyətin mahiyyətinə hələ lazımi qədər diqqət verilmir. Bir çox hallarda mədəniyyətimizin inkişafına məsul olan bəzi qurumlar öz fəaliyyətlərinin məqsədini əsasən hansısa tədbirləri keçirmək, konsertlər təşkil etməkdə görürlər.
Mədəniyyət nədir? İlk baxışdan sual olduqca sadə görünə bilər. Sanki hər birimizin bildiyi bir şey barədə soruşulur. Doğrudur, hər kəsdə mədəniyyətin mahiyyəti barədə müəyyən təsəvvürlər vardır. Amma diqqətlə fikir verildikdə müxtəlif ölkələr, ziyalılar, alimlər, siyasətçilər, şəxslər arasında bu suala verilən cavabların fərqli olduğunu görmək çətin deyildir. Hər kəs mədəniyyətin nə olduğunu bilir və eyni zamanda bilmir. Bu gün elmi ədəbiyyatda, ictimai şüurda mədəniyyətin mahiyyəti barədə aydın təsəvvür yoxdur. Verilən təriflər müxtəlif səviyyələrdə səthi xarakter daşıyır. Mədəniyyətə verilən bütün təriflərdə əsasən, etimoloji olaraq insanın, sosial sistemin həyat, cəmiyyət üçün nə qədər hazırlanması səviyyəsi nəzərdə tutulur. Amma bu hansı həyatdır? Hansı cəmiyyətdir? Onların əsas meyarları nədir? Bu barədə bir qayda olaraq konkret danışılmır.
Əslində, əksər insanın az, ya cox dərəcədə mədəniyyəti vardır. Amma onların hamısına mədəni deyilmir. Bir cəmiyyətdə mədəni sayılan insan başqa bir cəmiyyətdə mədəni insan kimi qəbul olunmaya da bilər. Parisdə, Vaşinqtonda, Moskvada olduqca mədəni sayılan bir xanım Afrikanın cəngəlliklərində, lap elə bizim bir çox kəndlərdə də yüksək mədəni insan kimi qəbul edilirmi? Yaxud, olduqca müasir binaların, rahat kücələrin, prospektlərin, avtomobillərin olduğu, insanların səliqəli geyindiyi, lakin ekoloji cəhətdən həyat üçün təhlükəli olan bir şəhəri mədəni şəhər hesab etmək olarmı? Şıq geyimli, bəlağətlə danışan, amma mərdümazar olan bir insana mədəni insan demək olarmı? Bir az diqqətlə fikir verdikdə, insanların bir çoxunun mədəniyyətdən bəhs edərkən özlərinə də çox aydın olmayan bir şey barədə danışdıqlarının şahidi olaraıq.
Cəmiyyətdə mədəniyyətin mahiyyəti barədə aydın fikir, aydın təsəvvür olduqca, o cəmiyyətin öz potensialını üzə çıxarmaq, mədəni səviyyəsini daha sürətlə yüksəldə bilmək imkanları daha çox olur. Bu səviyyənin yüksək olması isə əksər problemləri həll etməyə kömək edir. Əvvəlki məqalədə də qeyd edildiyi kimi, hər hansı bir xalqın, ölkənin mövcudluğu, fəaliyyəti üçün onun siyasətinin, iqtisadiyyatının, hərbi qüdrətinin, təbii şəraitinin, demoqrafik vəziyyətinin və s. böyük əhəmiyyəti vardır. Tarixi təcrübə göstərir ki, mədəniyyəti güclü olan xalqların həmin sahələri daha uğurla inkişaf etdirmək imkanları olur. Əksinə, mədəniyyətində problem olan ölkələrin həyatında müəyyən dövrdən sonra tənəzzül başlayır. Mədəniyyəti, mənəviyyatı yüksək olan ölkə ən çətin situasiyalardan çıxa bilmək potensialına malikdir. Misal olaraq Yapon, Çin, Cənubi Koreya, Sinqapur, Malaziya və s. kimi ölkələri göstərmək olar. Bu gün dünyada həmin ölkələrin iqtisadiyyatlarının möcüzələri yoxdur, onların mədəniyyətlərinin mocüzələri vardır. Müstəqil ölkənin ən böyük nəaliyyəti mövcud resurslarından istifadə etməklə öz mədəniyyətini, mənəviyyatını qorumaq, inkişaf etdirməkdir.
Bəs insanın, istənilən sosial sistemin, xalqın mədəniyyət sisteminin səviyyəsini necə müəyyənləşdirmək olar? Bu, olduqca mühüm sualdır. Bu suala ətraflı cavab vermək üçün bəzi məsələlərə diqqət verək. Əvvəlcə, hansı insan daha mədənidir? sualına cavab axtaraq. Aydındır ki, cəmiyyət, eləcə də hər bir kəsin dəyəri onun davranışının, əməlinin xarakteri ilə müəyyən olunur. Davranışı normal olmayan insan hətta öz valideynləri üçün belə, arzuolunmaz şəxsə çevrilir. Hər bir şəxsin davranışı (əməlləri) ona cəmiyyətdə müəyyən bir nüfuz qazanmağa, yer tutmağa, tarixə düşməyə səbəb olur. Fikrimizcə, biz yalnız o şəxslərə mədəni deyə bilərik ki, onların daxili aləmi, üstünlük verdiyi dəyərlər həmin insanları öz ətrafında müəyyən ahəng yaratmağa sövq edir və onların davranışı öz ətraflarında müəyyən bir ahəngin yaranmasında rol oynayır. Amma bu ahəng yaratmaq xüsusiyyəti mütləqləşdirilə bilməz. Həmin insanlar öz fəaliyyət prosesində kiminləsə münaqişəyə də girə bilərlər, ahəngi də poza bilərlər, amma sonunda bu proses daha yüksək səviyyəli ahəngin yaranmasına kömək edər. Cəmiyyət üçün ən arzu olunan insanlar təbii ki, daha mədəni insanlardır.
Həmin bu sözləri elə sosial sistemlər, xalqlar haqqında da demək olar. O xalq daha mədəni xalq sayıla bilər ki, onun öz tarixində qarşıya qoyduğu məqsədlər, bu məqsəd uğrundakı fəaliyyətləri bəşəri dəyərlərə (insanlığın mövcudluğu və tərəqqisi üçün mühüm olan dəyərlərə) zidd deyil, həmin xalq həm öz daxilində, həm də ətrafda, yer üzündə ahəngdarlığın artmasına daha çox kömək edir. Götürək elə mənfur qonşularımızı. Tarixi şəraitdən istifadə edərək, bəşəri dəyərlərə zidd olan tamahkarlıq, xəyanət, hiylə, satqınlıq və s. xüsusiyyətlərə köklənərək bizim tariximizi, torpaqlarımızı, mədəniyyətimizi, musiqimizi, mətbəximizi özününküləşdirməyə çalışan bu qövmün nə qədər müasir tipli şəhərləri, sərvətləri, davranış tərzləri olsa da, onlar həqiqi mənada mədəni xalq sayıla bilməz.
Bəs müasir dövrdə, konkret olaraq hansı xalqlar daha mədəni xalq sayıla bilər? Doğrudanmı avropalılar, qərblilər daha mədəni xalqlardır?
Təəsüf ki, əksər mütəxəssislər mədəniyyət sistemini birtərəfli, yalnız struktur yanaşma baxımından araşdırırlar. Yəni, misal üçün, qərbin məişəti, texniki rahatlığı, həyat tərzinin müəyyən cəhətləri, davranışlarındakı müəyyən xüsusiyyətlər diqqət mərkəzinə çəkilir. Bu cəhətlər adətən daha cəlbedici görünür. Bir qayda olaraq funksiolnal yanaşma, yəni mədəniyyətin cəmiyyətdə konkret olaraq hansı missiya daşıdığı, onun funksiyası, bu funksiyanı müəyyənləşdirmək və yönləndirmək üçün meyarlar barəsində demək olar ki, danışılmır. Bəla burasındadır ki, dünyanın qabaqcıl sayılan elmi mərkəzləri də bir çox hallarda bu şəkildə fəaliyyət göstərirlər. Misal üçün, Amerikanın, Avropanın bir çox qabaqcıl Elmi Mərkəzləri Şərqin, Afrikanın, lap elə Xəzər regionunun, Cənubi Qafqazın mədəiyyəti barədə danışanda bir çox hallarda maddi dəyərləri diqqət mərkəzinə gətirirlər. Mənəvi dəyərlərdən danışanda isə əsas diqqəti dini amillərə yönəldirlər.
Qərb ölkələri dünyəvi elmlərin, texnikanın, məişət rahatlığının səviyyəsinə görə xeyli öndədir. Həmin bu vasitələr insanların həyatında, fəaliyyətində mühüm rahatlıqlar, ahəngdarlıq yaradır. Deməli, qərb ölkələri həmin praqmatik vasitələr baxımından xeyli mədənidirlər. Təəsüf ki, bunu mənəvi dəyərlər baxımından demək mümkün deyil. Əgər qərblilər, həqiqi mənada, deyildiyi qədər mədəni olsaydılar, bütün Afrikada, Asiyada, Amerikada tutduqları ərazilərdə insanlara bu qədər qədər qəddar yanaşmaz, müstəməkəçilik siyasəti həyata keçirməzdilər. Əksinə, həmin ərazilərdəki insanların maariflənməsinə, orada mədəniyyətin (ahəng yaratma davranışının) artmasına çalışardılar. Əxlaqi, mənəvi dəyərləri bəşəriyyətin inkişafı, tərəqqisi baxımından qiymətləndirib inkişaf etdirərdilər. Müxtəlif çeşidli kütləvi qırğın silahları yaratmazdılar. Elmin, təhsilin inkişafına praqmatik maraqlardan yanaşmazdılar. Şərqin min illər boyu formalaşmış mədəniyyətinin potensialından düzgün istifadə etmək yolları axtarardılar. Təəsüf ki, bunlar edilmədi. Ona görə də Qərbin texnika baxımından bir sıra nəaliyyətlərini, məişətindəki, güzəranlarındakı, maddi imkanlarındakı cəlbediciliyi ideallaşdırıb onları çox mədəni xalq hesab etmək əsassızdır. Artıq son bir neçə əsrdir ki, yer üzünün inkişaf istiqamətlərinin, yer üzünün taleyinin formalaşmasında Qərb mədəniyyəti mühüm rol oynayır. İndi yer üzü nə gündədir? İnsanların böyük bir qismi acından öldüyü bir vaxtda böyük trilyonlar ancaq silahlara xərclənir. Yer üzü qan burulğanı içindədir.
Amma iş Qərb mədəniyyətini tənqid etməklə bitmir. Qərblilərə qədər şərqlilər də yer üzünü ağ günə çıxarmamışdı. O zaman da bu onun, o bunun torpağını işğal edirdi. Yolxucu xəstəliklər baş alıb gedirdi. İnsanlar daima sək-səkə içində idi. Şərqdə, bir çox ölkələrdə hələ də davam edən, ahəngin pozulmasına ciddi təsir edən cəhalətin də mənfi rolunu obyektivliklə demək lazımdır. Amma şərq elmində, şərq əxlaqında, şərq mədəniyyətində indiki yer üzünü müdhiş bəlalardan çıxarmağa kömək edə biləcək xeyli dəyərli sərvətlər var. 14 – cü əsrdən başlayaraq güclənməyə başlayan Qərb həmin sərvətə lazımi əhəmiyyət vermədiyindən, indi yer üzündə belə bir vəziyyət yaranıb.
İndiki dövr Qərb mədəniyyətinə aludə olmaq dövrü deyil. Qərblilərin dünyəvi elmlərdə, texnikada, məişət rahatlığında və s. qazandıqlarını Şərqin min illiklər boyu yaratdığı mənəvi dəyərlərin işığında dərindən redaktə edib, yer üzünün tərəqqisi üçün yeni yollar axtarmaq dövrüdür. Belə bir yolda Azərbaycanın, ümumilikdə bütün türk dünyasının da böyük imkanları vardır. Yer üzünü indiki ağır vəziyyətdən, bəlalardan qurtarmağın mühüm əlacı həm də bizim “Kitabi Dədəd Qorqud”, “Manas” kimi onlarca dastanımızda, Fərabinin, Biruninin, İbn Sinanın, Sührəverdinin, Xaqaninin, Nizaminin, Nizamülmülkün, Bəhmənyarın, Yəsəvinin, Bektaşinin, Yunus İmrənin, Mövlanənin, Nəsiminin, Füzulinin, Xətainin, Aşıq Ələsgərin və b.k. onlarca, yüzlərcə müdriklərimizin əsərlərindədir. Həmin əsərləri, Qərbin birtərəfli olsa da inkişaf etdirdiyi müasir elmlərin işığında oxuduqda yer üzünün xilas yollarını müəyyənləşdirməyə kömək edən çox faydalı nəticələr əldə etmək olar. Amma biz gözləməməliyik ki, həmin əsərləri ancaq başqaları gəlib bizim üçün oxusun. Bizim öz mədəniyyətimiz imkan yaratmalıdır ki, elmimiz bu işlərlə məşğul olsun. Təhsilimiz, elmimiz bu istiqamətdə inkişaf etdikcə mədəniyyətimiz daha çox zənginləşəcək, daha böyük imkanlara malik olacaqdır.
Bəs cəmiyyətdə mədəni insanların çoxalmasında hansı amillərin rolu daha artıqdır? Əvvəlki məqalədə də qeyd edildiyi kimi, min illərdir ki, dünyanın bütün müdrik insanları, peyğəmbərləri, dini kitabları, böyük söz ustaları, folkloru, mənəviyyatlı insanları deyir, yazır, təsdiq edir ki, hansı cəmiyyətdə ki mənəvi dəyərlər daha öndədir, maddi dəyərlər əsasən mənəvi dəyərlərə yiyələnməyə xidmət edir, həmin cəmiyyətdə mədəniyyət inkişaf edir, mədəni insanlar çoxalır. Hər hansı bir cəmiyyətdə, maddiyyat mənəviyyata xidmət edirsə, o cəmiyyətdə get-gedə mədəniyyət sistemi güclənir, bir ahəng yaranır. Əksinə, mənəviyyat başqa dəyərlərin təsiri altına daha çox düşdükcə, cəmiyyətdə gərginlik çoxalır, kriminallıq artır. Deməli, biz təhsilimizi, elmimizi, iqtisadiyyatımızı, siyasətimizi və b.k. sahələri elə inkişaf etdirməliyik ki, cəmiyyətimizdə mənəvi amillər daha həlledici rol oynasın. İnsanların özünü təsdiq təlabatı mənəvi dəyərlər əsasında formalaşsın. Onlar bir-biri ilə mədəni davranışları ilə yarışsın. Daha indiki kimi, bəzək əşyaları, avtomobil markaları, telefon nömrələri, evlərinin ölçüləri və s. ilə yox. Kücələrdə, ictimai yerlərdə bir-birinin üstünə bağırmaqla yox. Yaşlı nəslin yadındadır ki, ötən əsrin 60-70-ci illərində bizim ölkəmizdə bu istiqamətdə müəyyən irəliləyiş vardı.
Ahəngyol elminin müddəalarını nəzərə alaraq demək olar ki, mədəniyyətimiz o zaman daha uğurla inkişaf edər ki, biz elmin köməyindən həssaslıqla istifadə edərək, dövrümüzün xüsusiyyətlərini nəzərə alaraq öz daxili potensialımızı daha çox hərəkətə gətirərək, başqa ölkələrin tərəqqipərvər təcrübəsindən daha çox bəhrələnərək, eyni zamanda, bir sıra hallarda rasional olmayan amillərin də təsirinə diqqət edərək fəaliyyət göstərək.
Mədəniyyətimizin o istiqamətdə inkişafı daha çox arzu olunandır ki, bu əhalinin keyfiyyətinə – fiziki sağlamlığının get-gedə yaxşılaşmasına, mənəvi zənginliyinin artmasına, əməyə yaradıcı münasibat təlabatının artmasına, əməksevərliyə kömək etsin. Mədəniyyətin inkişafı barədə düşünəndə ilk növbədə aydınlaşmalıdır ki, biz öz mədəniyyət potensialımızdan, dünya xalqlarının təcrübəsindən istifadə edərək öz əhalimizin mənəviyyatında, davranışında hansı xüsusiyyətləri görmək istəyirik? Mövcud imkanlardan istifadə etməklə məhdudiyyətləri dəf edərək hansı yolla, hansı nəticəyə nail ola bilərik ki, mədəniyyət sistemimizə daha uğurlu təsir mexanizmi formalaşsın? Bunun üçün ilk növbədə mədəniyyətin meyarları dəqiqləşməlidir. Mədəniyyət siyasətimizin əsas məqsədi öz böyük potensiallı mədəniyyətimizi müasir elmin köməyi ilə daha çoxşaxəli şəkildə üzə çıxararaq, müasir dövrün tələbləri ilə zənginləşdirərək ölkənin tərəqqisi üçün istifadə etmək ola bilər.
Bir neçə söz də “müasirlik” anlayışı haqda. Bəzilərinə elə gəlir ki, o insan daha müasir insandır ki, Qərb modalarına uyğun geyimlər geyinir, Qərb ölkələrinin həyat təzi barədə məlumata malikdir və öz davranış normalarında, geyimində, üstünlük verdiyi musiqidə və s. qərbliləri daha çox təqlid edir, qərbin həyat tərzinin üstünlükləri barədə daha tez-tez danışır. Belə insanların daha müasir insan hesab edilməsi düzgün deyil. Müasirlik kimi isə yamsılamaq ola bilməz. Daha yaxşı yamsılayanlar daha müasir sayıla bilməz. Təbii ki, Qərb həyat tərzi barədə geniş məlumata malik olmaq, onların yaxşı: insanların sağlamlığı, mənəviyyatı, işgüzarlığı ilə bağlı təcrübəsindən istifadə etmək müsbət haldır. Amma, müasirliyin əsas meyarları başqadır.
Yer üzündə, eləcə də ölkəmizdə sürətli dəyişmələr gedir. Cəmiyyət günü-gündən mürəkkəbləşir və həssaslaşır. O insan daha müasirdir ki, bu yeni mühitdə insan üçün, xalq üçün, həyat üçün vacib olan fəaliyyətin nədən ibarət olduğunu başa düşür. Bu tələblərə uyğun olaraq davranır. Mən dəfələrlə elə kəndlilərə rast gəlmişəm ki, onlar nəinki həmin kənddəki, eləcə də Bakıdakı insanlardan, universitetlərdəki gənclərdən, alim rütbəsi alanlardan belə daha müasirdirlər. Çünki onlar yaranmış yeni mühitin xüsusiyyətlərini daha yaxşı duyurlar və özlərinin, xalqın problemlərini həll etmək üçün hansı addımların vacib olduğunu aydın dərk edərək buna uyğun hərəkət edirlər.
Yuxarıda deyilənləri nəzərə alaraq mədəniyyətimizi daha uğurla inkişaf etdirmək üçün bizim ciddi, təcrübəli mütəxəssislər tərəfindən elmi əsaslarla hazırlanmış platformamız, konsepsiyamız, fəaliyyət proqramlarımız olmalıdır. Məhz bundan sonra aydın olacaqdır ki, bizim bu sahədə elmimizin hansı istiqamətlərini daha sürətlə inkişaf etdirməyimizə, təhsil sistemimizi necə qurmağımıza, iqtisadi potensialdan hansı şəkildə istifadə olunmasına, hansı qanunlar qəbul etməyimizə, hansı səpkidə maarifləndirmə aparmağımıza, hansı tipli TV – lər, televizya verilişləri hazırlamağa, hansı ölkələrlə daha sıx əlaqə yaratmağa və s. işlər görməyə ehtiyacımız var. O zaman bu sahəyə məsul olan şəxs və qurumlar üçün də aydın olacaqdır ki, onlar hansı işləri görməlidirlər.
(davamı var)
Əhməd Qəşəmoğlu