Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, heç kim rəsmi Ankaranın sərhədlərdə təhlükəsizliyin yaradılması işinə mane ola bilməz.
Modern.az xəbər verir ki, Ərdoğan bununla bağlı açıqlamasında deyib:
“Buradan açıq şəkildə bildirirəm ki, Suriya ilə sərhədlərimizi qorumaq üçün müqavilələrimizin bir hissəsini yerinə yetirmişik. Türkiyəni oyunlarla yayındıra biləcəklərini düşünənlər üçün yolun sonu gəldi. Bundan sonra bizim üçün yalnız bir tədbir, bir sərhəd var: bu, ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir… İraq və Suriya ilə sərhədlərimizin bəzi lazım olan yerlərinə təhlükəsizlik səddi çəkmişik. Hücumlar davam etdikcə, bizə lazım olan yerlərdə sədd çəkməyə heç kim mane ola bilməz”.
Ankara bazar günü Suriyanın şimalında qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (YPG) qarşı hava əməliyyatı həyata keçirib – İraqın şimalında olduğu kimi Kobani şəhərinə də zərbələr endirilib. Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatı olacağını istisna etməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı gecə Suriya və İraqda “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində iki gündə 184 yaraqlının məhv edildiyini açıqlayıb.
Bazar ertəsi Ərdoğan həmçinin bildirib ki, o, nə Rusiya prezidenti Vladimir Putin, nə də ABŞ prezidenti Co Bayden ilə Türkiyənin Suriya və İraqın şimalındakı hava əməliyyatını müzakirə etməyib. Lakin onun sözlərinə görə, həm Bayden, həm də Putin bilir ki, Türkiyə bu bölgədə istənilən vaxt bu cür əməliyyatlar keçirə bilər.
Bunun fonunda çərşənbə axşamı Astanada Suriya üzrə danışıqların 19-cu raundu başlayır. Türkiyə Rusiya və İranla birlikdə Suriya danışıqlarının qarant ölkəsidir.
Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu rəsmi Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb. YPG-nin özünümüdafiə bölmələri əsasında qurulan Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ ordusunun dəstəyi ilə Suriyanın Əl-Həsəkə və Rakka əyalətlərinin əksəriyyətinə, eləcə də Hələb əyalətlərindəki bəzi yaşayış məntəqələrinə nəzarət edir. Rəsmi Dəməşq Suriyanın şimal-şərqində muxtar administrasiyanı tanımır.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir. “Astana formatı” kimi tanınan danışıqlar 2017-ci ildən bəri davam edir.